Bu barədə AzNews.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə məhsul olanların qeyri-peşəkarlığı nəticəsində xəstəliyin adı hələ də müəyyən edilməyib:

“Ümumiyyətlə, məlum olmayan xəstəlik yoxdur. Yəni, bütün xəstəliklərin adı var. Ölkədə kifayət qədər baytar həkimlər yoxdur. Bundan əlavə, uzun müddətdir ki, baytar həkimlər hazırlanmır. Ən dəhşətlisi bu xəstəlikləri müəyyən edən müasir dövrün tələblərinə cavab verən laboratoriyalar və orada çalışan peşəkarların olmamasıdır. Bütün bunlar kütləvi şəkildə heyvanların tələfinə səbəb olur.”

Vahid Məhərrəmovun fikrincə, əgər xəstəlik vaxtında aşkar edilərsə, heyvanların tələf olma ehtimalı azalır: “Əgər vaxtında lazımı tədbirlər görülsə, heyvanları müalicə edərlərsə, xəstəlik bu şəkildə yayılmaz. Məsələn, Şəmkirdə bir fermerin xəstəlikdən 180 baş qoyunu tələf olub. Bu acınacaqlı bir vəziyyətdir.”

Ekspert hesab edir ki, ölkədə ət istehsalı kifayət etmədiyi bir vaxtda xəstəlikdən tələf olan heyvanların əti asanlıqla paytaxta gətirilə bilər: “Biz xarici ölkələrdən daha çox ət alırıq. Birinci ayda xaricdən gətirilən ət idxalı 3 dəfəyə yaxın artıb. Ölkədə bu sahəyə ciddi nəzarət olmadığından tələf olan heyvanların əti satışa buraxıla bilər. Xəstəliyin sindiromu müəyyən edilməlidir. Yoxsa bu dəhşətli bir xəstəlik insanalara da keçə bilər.”