İqtisadiyyatın balanslı inkişafı
Regional inkişaf balansı inkişafın əsas şərtlərindəndir
İqtisadiyyatın şaxələnməsi əhəmiyyətli olduğu kimi, onun istehsal sahələrinin regionlar üzrə paylanması, çeşidlənməsi də bir o qədər önəmlidir. Bəllidir ki, iqtisadiyyat şaxələnmədikdə o bir sahədən asılı vəziyyətə düşür və bu, gələcəkdə iqtisadiyyatın böhran keçirmək riskini artırır.
Eynilə istehsal sahələri regionlar üzrə paylanmadıqda, iş üçün imkanlar ölkənin müəyyən hissəsində yarandıqda inkişaf bütünlüklə ölkədə yox, onun bir regionunda baş verir. Bu proseslərin davamında əhali iş axtarmaq üçün evindən, doğma yurdundan uzaq düşür, evi olanlar başqa şəhərlərdə kirayədə qalmalı olur, ölkə əhalisinin daha çox hissəsi bir regionda məskunlaşır, əhalinin lüzumsüz xərcləri yaranır, gizli iqtisadiyyatın həcmi artır, qeyri-rəsmi əmək qüvvəsi formalaşır, dövlətin vergi almaq imkanları çətinləşir və sair kimi arzuedilməz iqtisadi, sosial nəticələr doğur. Qısası, regionlar üzrə iqtisadiyatın qeyri-bərabər bölünməsi sadəcə insanlara və dövlətə maddi deyil, həm də sosial çətinliklər yaşadır.
Azərbaycan üçün də bu hal əlamətdar olub. Müstəqilliyin ilk illərində ölkədə, xüsusilə onun regionlarında dərin iqtisadi problemlərin yaşanması, sonralar neft sektoruna qoyulan sərmayələrin artması ilə əlaqədar Bakı və onun ətrafında iqtisadi inkişafın sürətlənməsi, əhalinin ölkənin şərq hissəsində, əsasən də Abşeron yarımadasında məskunlaşmasının artmasına gətirib çıxartdı. Həmin dövrdə paytaxtda iqtisadi və sosial vəziyyət regionlara nisbətən daha yaxşı idi, insanlar əyalətlərdə olduğu kimi ağır kommunal şəraitdə yaşamırdı, iş problemini daha tez həll etmək mümkün idi, Bakıda fərdi sahibkarlıq fəaliyyəti daha gəlirli idi. Kəskin fərq neft gəlirlərinin artması ilə bir qədər də böyüdü və paytaxt, ona yaxın ərazilərin iqtisadi-sosial cəlbediciliyi artdı. Buna görə də regionlardan paytaxda iş üçün gələnlərin sayı xeyli dərəcədə yüksəldi.
Sosial-iqtisadi problemlərin sistemli həlli
Əlbəttə, bu vəziyyət hökuməti də narahat edirdi və buna seyrçi qalmaq düzgün olmazdı. Əks təqdirdə paytaxt və onun ətrafında daimi məskunlaşma səviyyəsi xeyli artacaqdı, bir zamanlar əyalətin əmək qüvvəsi olan insanlar Abşeronun daimi sakinlərinə çevriləcəkdi, bununla da əyalətlərdə sonralar imkan olduğu təqdirdə belə istehsal və iş imkanlarını genişləndirmək çətin olacaqdı.
Ən təhlükəli məsələlərdən biri də budur ki, iqtisadiyyat bir regionda inkişaf edəndə, böyüyəndə, iqtisadiyyatın şaxələnməsi üçün atılan addımlar da öz əhəmiyyətini itirir. Paytaxt iqtisadiyyatı dedikdə əsasən neft sənayesi, xidmət sahələri başa düşülür. İqtisadiyyatı çeşidləndirmək istəyən ölkə sadəcə bu sahələrləmi kifayətlənəcək? Bəs, kənd təsərrüfatı, turizm, yeyinti və yüngül sənayesi, dağ-mədən sənayesi, tikinti materialları istehsalı sahələri, nəqliyyatı inkişaf etdirmək istəsək nə ediləcəkdi? Buna görə də hökmən əyalətlərin inkişafına nail olunmalıydı, qaz, elektrik, su təchizatı yaxşılaşdırılmalıydı, nəqliyyat infrastrukturu düzəldilməliydi, burada sahibkarlıq fəaliyyətinin cəlbediciliyini artırmaq üçün güzəştlər, maliyyə dəstəyi artırılmalıydı.
Sadalanan məsələlər kompleks həlli tələb edirdi. Çünki problemlər cürbəcür idi, yalnız bir sahədə deyil, bütün sahələrdə yeniliyə ehtiyac vardı. Bu səbəbdən tədbirlərin vahid konteksdə, sistemli şəkildə planlaşdırıb, həyata keçirməkdən başqa yol yox idi. Digər halda, yəni, iqtisadiyyatın hansısa bir sahəsində, hətta sosial sferada ayrılıqda atılan addımlar sosial-iqtisadi inkişafa aparmayacaqdı.
Bu fikri gücləndirmək üçün qeyd edək ki, vahid proqramlar qəbul edilənə qədər də dövlət tərəfindən əyalətlərə dəstək var idi. Məsələn, 1999-cu ildən torpaq vergisi istisna olmaqla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslər bütün növ vergilərdən azad edildi. Kənd təsərrüfatı istehsalçılarının 98 faizdən çoxu Abşeron yarımadasından kənarda yerləşdiyindən deyə bilərik ki, bu güzəştdən əsasən əyalətlər faydalandı. 2015-ci ilə aid olan məlumata görə ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsulunun 98,6 faizi Bakı, Sumqayıt və Abşeron rayonundan kənarda istehsal edilib.
Digər bir güzəşt sadələşdirilmiş verginin tətbiqi ilə bağlıdır. Ölkəmizdə 2001-ci ildən sadələşdirilmiş vergi tətbiq olunur. Bu verginin məqsədi ondan ibarətdir ki, az gəliri olan sahibkarlar əlavə dəyər, mənfəət və başqa vergilərdən azad edilsin, vergi xərcləri çox olmasın. 2001-ci ildə sadələşdirilmiş verginin dərəcəsi 2 faiz idi. Amma 2003-cü ildən bu vergi növü üzrə dərəcə 4 faizə qaldırıldı. Bakıdan kənarda olan regionlarda fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə hökumətin qərarı ilə regionlarda sadəşdirilmiş vergi dərəcəsi 2 faizə salındı, Bakıda isə 4 faizdə qaldı.
2002-ci ildən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsinə başlanıldı. İndiyə qədər 1,944 milyard manat həcmində güzəştli kredit verilib ki, bunun da 80 faizindən çoxu əyalətlərə ayrılıb.
Regional tarazlığı yaradan proqramlar
Bu tədbirlərə baxmayaraq, hökumət istənilən səmərəni əldə edə bilmirdi. Hökumət vəziyyətin məxsusiliyini nəzərə alaraq sadalanan çətinlikləri aradan qaldırmaq, əyalətlərin cəlbediciliyini artırmaq məqsədilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı bütün tədbirləri özündə birləşdirən, əlaqələndirən vahid proqramlar qəbul etdi.
İndiyə qədər Azərbaycan hökuməti tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar 3 proqram qəbul olunub. Bu proqramların birincisi 2004-2008-ci illəri, ikincisi 2009-2013-cü illəri əhatə edib. Üçüncü proqram 2014-2018-ci illəri əhatə edəcək.
Adıçəkilən proqramlarla bərabər yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair proqram qəbul olunub. Qeyd edilən proqramlar da regionların sosial-iqtisadi inkişafına öz töhvəsini verib. Proqramların icrasından sonra regionların kompleks inkişafı, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün imkanlar yaranıb. Görülən tədbirlər iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına xidmət etdi.
Regional proqramların qəbulundan sonra da kənd təsərrüfatına dəstək davam etdirildi. 2007-ci ildən başlayaraq aqrar sahəyə subsidiya şəklində yardımlar verilməyə başlanıldı. Bununla əlaqədar olaraq 2006-cı ildə dövlət başçısı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi" haqqında sərəncam imzaladı.
"Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" prezident sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağları və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilir. Nazirlər Kabinetinin 2007-ci ildə verdiyi qərara əsasən buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün əlavə 50 manat yardım verildi.
2008-ci ildə Prezident "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək verilməsi barədə" əlavə sərəncam imzaladı. Yeni sərəncamla kəndli fermer təsərrüfatlarının aldığı gübrə və damazlıq heyvanların dəyərinin bir hissəsi dövlət tərəfindən ödənilir.
Atılan addımlardan sonra regionlarda yol infrastrukturu, qaz, elektrik təchizatı yaxşılaşdı, məşğulluq göstəricisi yüksəldi. Hazırda ölkə əhalisinin 90 faizi təbii qazla təmin edilir, elektik enercisi ilə 24 saat təmin olunmayan yaşayış məntəqəsi qalmayıb. 2004-2016-cı illər ərzində 1,251 milyonu daimi olmaqla 1,64 milyon yeni iş yeri yaradılıb. Yaradılan iş yerlərinin 74 faizi regionların payına düşür.
Regionların iqtisadi vəziyyətinin yaxşılaşmasını göstərən digər amil yerli gəlirlərin yerli xərcləri ödəmə imkanıdır. Əvvəllər yalnız Bakı şəhərinin yerli gəlirləri yerli xərcləri ödəyirdi. Amma indi paytaxtla bərabər ümumilikdə 33 rayon və şəhərin yerli xərcləri yerli gəlirlər hesabına təmin edilib.
Regional inkişaf üçün dövlətin iştirakçılığı vacibdir
Regionlarda müsbət dəyişikliklərin baş verməsi 2004-cü ildən bəri qoyulan 34 milyard manatlıq sərmayə hesabına mümkün olub ki, bunun da yarıdan çoxu dövlət vəsaitidir. Özəl sektorun regionlara qoyduğu sərmayə olduqca azdır. Görülən işlərin miqyası və əhəmiyyəti böyük olsa da regionlara özəl biznesin investisiyalarını artırmaq, yerli istehsal infrastrukturunun yaxşılaşdırmaq üçün əlavə tədbirlərin görülməsi şərtdir.
Bunun üçün ilk növbədə sahibkarlara verilən iqtisadi imkanları daha da yüksəltmək lazımdır. Ölkənin regionlarında istehsal imkanlarının daha çox aqrar sektorla bağlı olduğu məlumdur. Buna görə də regionlarda istehsal sahələrinin əksəriyyətinin vəziyyəti aqrar sektordakı vəziyyətlə birbaşa bağlı olacaq. Aqrar sektorda irəliləyişə nail olmaq üçün ilk növbədə investisiya prosesi stimullaşdırılmalı, kənd təsərrüfatı məhsullarının geniş satış bazarı yaradılmalıdır.
Lazımı investisiya ilə bərabər istehsalçı fəaliyyətə başlama ərəfəsində hansı kənd təsərrüfatı məhsulunu istehsal edəcəyi və onu harada, neçəyə satacağı barədə real təsəvvürə malik olmalıdır. Həmçinin gəlirliyin artırılması məqsədilə fermer təsərrüfatlarında elmin və qabaqcıl texnologiyalardan geniş istifadə stimullaşdırılmalıdır.
Təcrübə göstərir ki, yeni inkişaf imkanlarının yaradılması kəndlinin, fermerin öhdəsinə buraxılmamalıdır. Əksər ölkələrdə yüksək təcrübənin, texnologiyanın tətbiqi bir çox hallarda ya iri fermer təsərrüfatları tərəfindən, ya da dövlətin iştiraki ilə baş verir.
Buna görə də dövlət sadəcə kənd təsərrüfatına sərmayə ayrılmamalı, kredit verilməsi ilə işini bitmiş hesab etməməlidir. Dövlət sərmayə qoyuluşundan tədricən təşkilatçılığa, müxtəlif layihələrin icrasında iştirakçıya çevrilməlidir. Kənd təsərrüfatı məhsulunun yetişdirilməsindən, onun emalı və istehlak olunmasınadək bütün prosesləri əhatə edən şirkətlərin yaradılmasında dövlət müvəqqəti də olsa iştirak etməlidir. Sərmayəni isə tədricən kəndli, özəl sektor qoymalıdır. Bir çox ölkələrin təcrübəsi göstərir ki, dövlət aqrar sektorun, kənd təsərrüfatı ilə bağlı olan yeyinti və yüngül sənayenin inkişafının ilkin mərhələsində iştirak etmədikdə qoyulan sərmayə lazımı nəticəni vermir.
Azərbaycanda da davamlı regional inkişaf üçün müəssisələrin yaradılmasında dövlətin iştirakçılığının artırılması vacibdir.
Vasif CƏFƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün