Mətbuat demokratiyanın açarıdır
Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.
Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir.
Müstəqil mətbuatın yaradılması
Heydər Əliyevin adı ilə sıx bağlıdır
Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli lider ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Dahi şəxsiyyətin KİV-in inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu.
Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olundu. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyuldu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.
Söz və informasiya azadlığı
Azərbaycanda çox vacib olan məsələlərdir
Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, KİV-in müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə başçısı belə deyib: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
Ötən 10 ildə dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub.
Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşmışdır. Ölkədə 4400-dən artıq mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir.
Media siyasətinin meyilləri və prioritetləri
cəmiyyətimizdə bərqərar olub
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun azad söz və media mühiti ilə bağlı fikri belədir:" Azərbaycan hakimiyyətinin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf ortamını yaratmaq idi. Bu da artıq öz nəticələrini vermişdir. Bu gün bəzi beynəlxalq təşkilatların iddialarının əksinə olaraq, Azərbaycanda azad mətbuat mövcuddur. Azərbaycanda heç bir jurnalist hər hansı hadisə haqqında məlumat almaq və yaymaq imkanından məhrum olduğunu deyə bilməz. Heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə, zaman-zaman problemlərlə də üzləşirik və iddia etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulmuşdur. Lakin bütövlükdə media siyasətinin meyilləri və prioritetləri cəmiyyətimizdə bərqərar olmuşdur. Bu da ondan ibarətdir ki, indi Azərbaycanda azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilərlər".
Azərbaycanda medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələrin olduğunu da düşünən şöbə müdirinin onlara mesajı budur: "Biz onlara həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, ölkəmizdəki hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan əlverişli şərait ilə dünya ölkələrindəki vəziyyətdən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq".
Söz azadlığından sui-istifadə edilməməlidir
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevin sözlərinə görə, informasiya cəmiyyətində əsas məsələlərdən biri demokratiyanın fundamental dəyərlərindən olan söz azadlığı və insan haqlarıdır. Söz və fikir azadlığı, insan haqları həm beynəlxalq qanunvericilik, həm də demokratik ölkələrin milli qanunvericiliyi tərəfindən təsdiq olunmuş dəyərlərdir. Demokratik cəmiyyətlərdə söz azadlığının əhatəsi genişdir. O yerdə ki söz azadlığı sərhəd tanımır, orada artıq anarxiya mövcuddur. Buna görə də söz azadlığından sui-istifadə edilməməlidir ki, digər vacib dəyər olan insan haqları pozulmasın. Azərbaycanda isə bu balansın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Mətbuat üzrə ekspert, Azərbaycanın əməkdar jurnalisti, "Exo Sumqayıta" qəzetin baş redaktoru Eyruz Məmmədov söhbət zamanı mətbuatda söz və fikir azadlığından danışıb: "Bu gün senzura yoxdur. Kütləvi informasiya vasitələri azaddır. Müstəqil fikir yürütmək, hər hansı bir hadisəyə obyektiv münasibət bildirmək üçün geniş imkanlar açılıb. Respublikada minə yaxın qəzet və jurnal nəşr olunur. Çox vaxt deyirlər ki, bu qəzet bolluğu kimə lazımdır. Mənim fikrimcə, bunun ziyanı yoxdur. Əsas oxucudur. Seçim onundur. Əgər mətbuat oxucunun tələblərinə cavab verə bilirsə, mənəviyyatını zənginləşdirirsə, onu narahat edən problemlərə toxunursa bunu ancaq alqışlamaq lazımdır".
İnformasiya yoxlanılmalı, sonra efirə verilməlidir
E.Məmmədov KİV-də ən operativ mənbə radionu hesab edir: "Kütləvi informasiya vasitələrində ən operativi radionu hesab edirəm. Düzdür, internet şəbəkələrində saysız-hesabsız saytlar fəaliyyət göstərir və dünyada baş verən hadisələr operativ oxuculara çatdırılır. Əfsusular olsun ki, informasiyalar çox vaxt bir-birindən köçürülür və yaxud zidd məlumatlar verilir. İnformasiya bir neçə mənbədən yoxlanılmalı, sonra efirə verilməlidir. Bu, vacibdir. Bu, məsuliyyətdir. Bu, jurnalistin dinləyici və oxucu qarşısında obyektivliyini sübut edir. Bu gün buna əməl olunurmu? Bəzi radioları nəzərə almasaq çoxları tələsik, yoxlanılmamış, ağızdan-ağıza ötürülən məlumatları həqiqət kimi qəbul edib efirə ötürürlər. Bunu düzgün saymıram".
İnformasiyanın operativliyi ilə bağlı bir tarixi fakt
E.Məmmədov radioda gedən informasiyanın operativliyi ilə bağlı bir tarixi faktı da diqqətə çatdırıb: "Tarixi bir faktı qeyd etmək istəyirəm. İraqın sabiq prezidenti Səddam Hüseyn 1991-ci ilin əvvəllərində Kveytə qoşun yeridəndə Amerikanın prezidenti böyük Corc Buşun istirahət günü idi, qayıqda əyləşib göldə balıq tuturmuş. Yanında kiçik radioqəbuledici var idi. CNN-nin xəbərlərinə qulaq asırdı. Bu vaxt İraqın Küveytə qoşun yeridildiyi xəbərini eşidir. C.Buş istirahətini yarımçıq qoyub təcili Ağ evə qayıdır. 15 dəqiqədən sonra Amerika MKİ-nin rəhbəri Buşun qarşısına İraqın Kuveytə hərbi qüvvələrin girdiyi haqda arayış qoyur. Buş hiddətlənib deyir ki, necə olur, radio bunu birinci xəbər verir, siz isə bu məlumatı mənə indi çatdırırsınız?
Bu misalı çəkməklə radionun operativliyini qeyd etmək istəyirəm".
Mübarizə sivil xarakter daşımalıdır
Baş redaktor fikir plüralizminə də aydınlıq gətirib: "Mübarizə sivil xarakter daşımalıdır. Yalan yazmaq, kiməsə böhtan atmaq, insanların şərəf və ləyaqətini aıçatmaq nə jurnalistə, nə də onun təmsil etdiyi mətbu orqanına heç bir vaxt hörmət gətirməz. Əqidələr, fikirlər müxtəlif olduğundan oxucular çox vaxt çaşbaş qalır. Kim ədalətlidir, sualı meydana çıxır. Hər hansı bir qəzet kiminsə ünvanına tənqidi münasibət bildirirsə, qarşı tərəfin də fikrini də bilmək vacibdir. Əgər bu, edilmirsə, deməli, redaksiya oxucunu düşünmür, ancaq öz siyasətini və yaxud sifarişçinin siyasətini yeritmək istəyir. Əgər bu, belədirsə, onda hansı plüarizmdən danışmaq olar. 1990-cı illərin ortaları idi. Rəhbərlik etdiyim "Exo Sumqayıta" qəzetinə Azərbaycan Sənaye İnstitutunun (indi Sumqayıt Dövlət Universiteti adlanır-müəllif) bir qrup müəllimi rektordan, onun "yaramaz" hərəkətlərindən, səriştəsizliyindən, çirkin əməllərindən bir məqalə yazıb gətirmişdilər. Məktubu olduğu kimi dərc etdik. Bir neşə gündən sonra rektor zəng vurub məni birtərəfli mövqe tutmaqda qınadı. Ona dedim ki, sizin də məktubunuzu dərc etməyə hazırıq. Rektorun da məqaləsini çap etdik. Şəhərdə bu birmənalı qarşılanmadı. Kimi müəllimləri, kimi rektoru müdafiə etdi. Əksər oxucular isə redaksiyanın mövqeyini alqışladılar. Belə hallarda həmişə qarşı tərəfin fikrini bilmək mənim əsas prinsipim olub. Bu gün bu edilirmi? Nadir hallarda".
Demokratiyanın açarı mətbuatdır
E.Məmmədov Azərbaycan mətbuatının necə görmək istədiyini və onun vəzifəsindən danışıb: "KİV bu gün tam sərbəst olmalıdır. Müstəqil mətbuat oxucularda müstəqil fikir formalaşdırmalıdır. Kimin haqlı, kimin haqsız olduğu obyektiv şəkildə işıqlandırılmalıdır. Qəzetlərimiz gündəlik nəşr olunsa daha məqbul sayıla bilər. Mən bunun tərəfdarıyam. Belə olduqda informasiyaların operatifliyi oxuculara tez çatdırıla bilər. Biz müharibə şəraitində yaşayırıqsa iki mövzu kreativ sayılmalıdır. "Vətənpərvərlik" və Maarifçilik". Gəlin, həqiqətin gözlərinin içinə dik baxaq. KİV-də bu mövzulara necə toxunurlar? Nadir hallarda. Çünki müxtəlif şoular, maqazinlər, qalmaqallar bu gün tamaşaçının da, oxucunun da zövqünü korlayır...
Fikrimi fransızların bir sözü ilə tamamlamaq istəyirəm. Onlar deyir ki, "demokratiyanın açarı mətbuatdır". Əgər bu həqiqətən belədirsə, gəlin bu açarı əlimizdə möhkəm saxlayaq, yoxsa demokratiyanı, onunla bərabər demokratik mətbuatı da itirmiş olarıq".
Namiq MƏMMƏDLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün