Yanıq xəsarətindən ölüm faizi 8,2-dir
“Azərbaycanda yanıq xəsarətindən ölüm faizi 8,2-dir”. Bunu ölkənin yanıq üzrə tanınmış mütəxəssisi, alim, fəlsəfə üzrə tibb doktoru, Yanıq Mərkəzinin şöbə müdiri Həmzə Əzizbəyov dünən keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, oğlan uşaqlarında yanığın miqdarı qızlarla müqayisədə 5-8 faiz çoxdur: “Böyüklərdə isə bu nisbət 3-4 faiz təşkil edir. Yanıq faizinə uyğun olaraq ölüm haqqında danışmaq olar. Məsələn, bədənin 70%-i yanarsa, ölüm faizi 48 faiz olar”.
Əzizbəyov qeyd edib ki, bədən səthinin sahəsinə görə yanıqlar müxtəlif qruplara bölünür: “10-20 faiz sahəsi olan yanıqlar məhdud, 20-40 faiz sahəsi olanlar geniş yayılmış, 40-60 faiz sahəsi olanlar həyatla çətin uyuşan, 60 faizdən yuxarı sahəsi olan yanıqlar isə həyatla bir araya sığışmayandır”,-deyən şöbə müdirinin sözlərinə görə, klinikaya daxil olan xəstələrin 56,5 faizi 60 faizdən yuxarı yanıqlar, 23,4 faizi 40-60 faiz yanıqlar, 13,9 faizi 20-40 faiz yanıqlar, 6,2 faizi isə 20 faizə qədər yanıqlarla əlaqəli olub. Yanıqlar nəticəsində dəri tamlığının bərpası üçün autodermoplastika (dəri köçürülməsi) əməliyyatı aparılır.
Dediyinə görə, yanıq xəsarəti alanlara ilkin yardım zamanı kənar maddələrin - diş pastası, tomat, sidik, duru yağların vurulması yolverilməzdir: “İlkin mərhələdə yanıqlara soyuq məhlullar - buz, axar suyun altında saxlama tətbiq edilməli, ağrıkəsicidən istifadə olunmalıdır. Antiseptik məhlullarla həmin nahiyələrə yüngül sarğı qoyularaq həkimə müraciət etmək lazımdır”.
Həkim koordinator Ülviyyə Zeynalova müxtəlif yanıq növlərinin olduğunu deyərək, bildirib ki, bunun ən ağırı IV dərəcəli yanıqdır: “Bəzən elə olur ki, şüanın təsirindən dəri və toxumalar zədələnir. Yanıqlar nəinki dərini, eləcə də alt qatda yerləşən bütün toxumaları da zədələyir. Hətta əzələ bişmiş ət halını alır”,-deyən Zeynalova əlavə edib ki, yanıqların müalicəsi konservativ və cərrahi müalicə üsulu ilə gerçəkləşdirilir.
Hər il ölkədə intihar məqsədi ilə özünü yandırma hallarının qeydə alındığını deyən Ü.Zeynalovanın sözlərinə görə, bu hallar qadınlar arasında üstünlük təşkil etsə də, ötən il kişilərdə intihar məqsədilə özünü yandırma halı daha çox olub.
Ə.Əliyev Adına Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərahiyyə Klinikasının yanıq şöbəsinin həkim cərrahı Almaz Seyidov isə ötən çərşənbədə 7 uşağın tonqala düşdüyünü deyib. Onun sözlərinə görə, xəsarət alan uşaqlar II və III dərəcəli yanıq ilə xəstəxanaya gətirilib: “Həmin uşaqlar daha çox əl və diz nahiyələrindən yanıq xəsarəti alıblar”.
İlk çərşənbədə tonqala düşənin olmadığını deyən Seyidov bildirib ki, ötən il tonqala 70 yaşında kişi düşüb: “Həmin kişi IV dərəcəli yanıq xəsarəti ilə bizə gətirilmişdi. Ümumilikdə, bizə il boyu müraciət edənlərin 65 faizini uşaqlar təşkil edir”,-deyən həkim cərrah valideynləri diqqəti olmağa çağırıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun plastik və Rekonstruktiv Cərahiyyə klinikasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov da bu il yanıq şöbəsinə müraciət edənlər arasında uşaqların çoxluq təşkil etdiyini vurğulayıb. Məmmədov jurnalistlərlə söhbətində bildirib ki, ötən illə müqayisədə bu il yanıq şöbəsinə müraciət edən xəstələrin sayı xeyli azalıb: “Bu il şöbəmizə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib. Müraciət edənlər arasında uşaqlar çoxluq təşkil edir. Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklər də isə daha çox partlayış, eləcə də su yanıqları ilə müraciət edir”.
Dediyinə görə, bu il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: “Şöbəyə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri olub. Həmin xəstələrin bədən səthinin 50 faizi yanıb. Yanıqdan ölüm halı ötən illə müqayisədə xeyli azalıb”.
Şöbə müdiri qeyd edib ki, III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olur: “Xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir. Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı böyükdür”.
Aynurə MƏMMƏDOVA