“Report”un məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı deyib.

O çıxışında, bugünkü layihə yayılmalı və geniş vüsət almalıdır: “Bugünkü gənclərə geniş yol açmaq lazımdır. Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçiləndə müasir Azərbaycan gəncinin yetişməsi üçün əlindən gələni edəcəyəni vurğulamışdı və artıq bu fikir öz təsdiqini tapmış olur”.

Baş nazirin müavini qeyd edib ki, Cocuq Mərcanlı ilə bağlı prezidentin verdiyi sərəncam həmin ərazinin siyasi mahiyyətini gücləndirdi: “Bu gün bütün dünya Cocuq Mərcanlıdan danışır. Bəlkə də Cəbrayıl sakinlərinin əksəriyyəti əvvəllər həmin ərazini tanımırdı. Ancaq indi hər şey başqadır”.

Ə.Həsənov eyni zamanda, indiki gənclərin vətənpərvərlik ruhunda böyüməsini vacib hesab edib: “Bu gün elə dövrə gəlib çatmışıq ki, yalnız milli ruhda böyümək kifayət etmir. 2014-cü ildə məcburi köçkün uşaqlarının hərbi təhsil alması ilə bağlı araşdırma apardıq və nəticədə xoşagəlməz mənzərə ilə qarşılaşdıq. Bütün işğal olunmuş rayonlardan hərbi ali məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə məruzə edərək nəticələrin aradan qaldırmaq üçün icazə istədik. Təhsil Nazirliyi ilə birlikdə görüş keçirildi. Hətta məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin. Sənin torpaqların işğal olunubsa və sən hərbi təhsil almaq istəməyib fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə vətənpərvərlik sevgisi çox böyükdür. Odur ki, gözəl nümunə yanımızdadır. Bu gün ölkədə fərariliyin səviyyəsi aşağı düşüb. Ən qeyrətli və vicdanlı oğullarımız şəhid olur”.

Ekspress.az