AzNews.az xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əli Əliyev beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Şagirdin vəziyyətinin ağır olduğunu görən həkimlər onun təcili olaraq Bakıya aparılmasını məsləhət görüblər. Amma Əli Əliyev Bakıya gətirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Kəndoba orta məktəbinin direktoru Mirzəbala Feyzullayev AzNews.az-a açıqlamasında hadisənin dərs saatından sonra baş verdiyini deyib:

“İki kəndin şagirdlərindən ibarət futbol yarışı keçirilib. Orada şagirdlərlə yanaşı tamaşaçı qismində yüzə yaxın valideyn iştirak edib. Əli də orada olub, amma tamaşaçı kimi kənardan oyunu seyr edib. Deyilənə görə, şagird başının bərk ağrıdığını deyib və saat 16-30-da yarışdan çıxıb evə gedib. Gecə saat 23:00-da Əlinin vəziyyəti pisləşib və onu xəstəxanaya aparıblar. Amma Əlinin həmin anda Bakıya, yoxsa Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılması haqqında məlumatımız yoxdur. Səhər eşitdik ki, Əli Bakıda dünyasını dəyişib. Hazırda onun cənazəsini rayona gətirirlər.”

Ehtimal olunur ki, futbol oyunu zamanı uşağın başına top zərbəsi dəyib.

Ekspress.az