Bu gündən hava pisləşəcək - Temperatur 4-7 dərəcə enəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə "Ekspress.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 60-70 faiz olacaq.
Bölgələrə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Bu arada ETSN ölkə ərazisində hava şəraitinin dəyişəyi xəbərdarlığını yayıb. Xəbərdarlıqda bildirilir ki, aprelin 13-ü qərb rayonlarından başlayaraq aprelin 16-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
NƏRGİZ