AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev lideri Donald Tramp ilə görüşündən sonra çıxışı zamanı belə bir açıqlama verib.

“Bölgəmizdə terror təşkilatlarına yer yoxdur”, – deyə Ərdoğan Trampla birgə mətbuat konfransı zamanı qeyd edib. "“YPG” və ya “PYD” kimi qruplaşmaların regionda bizə tərəfdaş kimi nəzərdə tutulması qəbuledilməzdir. Bu, bizim əldə etdiyimiz qlobal razılaşmaya ziddir".

Rəsmi Ankara Trampın Suriyada kürd üsyançıları silahlandırması ilə bağlı planlarına qəti etirazını bildirir.

Tərəflər arasında yaranmış ziddiyyətlərə baxmayaraq, liderlər ikitərəfli əməkdaşlığın gücləndirilməsinə vəd veriblər. "İndiyə qədər yaxşı əlaqələrimiz olub, bu gündən sonra da bu əlaqələri daha da yaxşılaşdıracağıq".

Görüşdə Fətullah Gülən məsələsi də müzakirə mövzusu olub. Lakin məsələnin təfərrüatlarına dair açıqlama verilmir.

Rəsmi Ankara Güləni ötən il iyul ayında ölkədə dövlət çevrilişinə cəhddə ittiham edir.

Ekspress.az