Supergücün ağına da, qarasına da...
Ərdoğandan ABŞ-a sitəm: “Ədalət anlayışları budursa, o zaman dünya yandı”
Türkiyə və ABŞ arasında razılaşmalar öz aktuallığını itirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Fransaya səfəri ərəfəsində belə bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ankaranın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin ekstradisiyası ilə bağlı tələblərini yerinə yetirmir.
ABŞ-ın Manhetten (Nyu-York) federal məhkəməsinin jürisinin (andlılar məhkəməsi) Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı həbs qərarından danışan Türkiyə lideri bəyan edib ki, “ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı” (“Anadolu”).
Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: “Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməyə qalxmasınlar. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır? Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”.
Qeyd edək ki, keçən ilin mart ayında ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla yerli polislər tərəfindən “Zərrab işi” çərçivəsində həbs edilib. ABŞ Prokurorluğu Atillanı bundan öncə həbs olunmuş iranlı sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi Atillanın Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Sonradan Zərrab günahlarını etiraf edərək istintaqla əməkdaşlığa girib və Türkiyədə biznes qurarkən rüşvət verdiyi adamları keçi qiymətinə satıb. Bundan sonra Zərrab ittiham hədəfindən çıxdığı üçün Nyu-York məhkəməsində iş “ABŞ Mehmet Hakan Atillaya qarşı” adı altında aparılıb.
Yanvarın 3-də 4 həftəlik məhkəmə prosesi yekunlaşıb və jüri Atillanı İrana qarşı ABŞ embarqosunu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, məhkəmə Atillanı ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib.
Artıq jüri işini bitirib və məhkəmənin hakimi Atillanın cəzasını aprelin 11-də açıqlayacaq.
Ekspertlərə görə, işlə bağlı Nyu-York məhkəməsində adı keçənlər arasında ən günahsızı Atilladır. Belə ki, o, müavin kimi ona verilən əmrləri yerinə yetirib. Lakin Atilla istintaqın əlinə keçməsəydi, Amerika məhkəməsi əslində Türkiyəyə qarşı bu işi başlada bilməyəcəkdi.
Ekspertlərə görə, bu iş yalnız başlanğıcdır və məsələ təkcə Atillanın cəzalanması ilə bitməyəcək. Qarşıda Türkiyə bank saxtakarlığı ilə milyardlarla dollarlıq cərimələrə məruz qala və İrana qarşı sanksiyaları dəldiyi üçün adı ABŞ-ın sanksiyalar siyahısına düşə bilər.
Buna da kimsə şübhə etmir ki, siyasi sifarişin nəticəsi olan bu “hüquqi proses”in hədəfi Ərdoğandır. Milçək ətdən əl çəkmədiyi kimi ABŞ da bu işdən əl götürməyəcək...
Bəzi ekspertlərə görə, regionda “Kürdüstan” yaratmaq planları boşa çıxdığı üçün ABŞ özündən çıxıb və onun planlarına əngəl olan üç dövlətə - Türkiyə, Rusiya və İrana qarşı təzyiqlərini artırır.
Yeri gəlmişkən, Ərdoğan ABŞ və İsrail başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib.
Onun sözlərinə görə, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub.
Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.
Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və onun həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb: “Artıq İranda proseslər normallaşmağa başlayıb. Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”.
Xatırladaq ki, BMT Baş Məclisində Qüds məsələsi ilə bağlı səsvermə göstərdi ki, ABŞ qlobal müstəvidə mövqe və imicini sürətlə itirir. Özəlliklə də, Tramp kimi ekssentrik fiqur superdövlətə başçılıq etdikdən sonra...
Tramp Türkiyəyə və İslam dünyasına münasibətdə o qədər səhv addımlar atdı ki, artıq Azərbaycanda qərbyönümlü və liberal dairələr belə bir vaxtlar dözümsüz yanaşdıqları Rusiya və İranın regiondakı rolunu istəməsələr də, az-çox pozitiv qiymətləndirirlər.
Böyük Atatürkün vaxtilə dediyi “Türkün türkdən başqa dostu yoxdur” sözləri gəlişigözəl ifadə deyil. O anlamda ki, İstiqlal savaşı dönəmində olduğu kimi, indi də türklər üçün yaranmış təhlükəli situasiyalardan çıxışda başlıcası öz maraqları olmalıdır. Çünki başqa “dostlar”ın da öz maraqları var.
Məsələn, ABŞ terrorçu elan etdiyi PKK-nın Suriyadakı qanadı olan PYD/YPG-yə dəstək verirsə, NATO-dakı müttəfiqi Türkiyənin təhlükəsizliyinə məhəl qoymursa, təbii ki, Ankara belə müttəfiqə arxa çevirməyi bacarmalı, Rusiya və İranla regionda işbirliyinə getməlidir. ABŞ İraqla Suriyanı parçalayır, Türkiyənin marağı isə bu ölkələrin ərazi bütövlüyü və suverenliyinin pozulmamasını tələb edir. ABŞ regionda kürdlərlə bağlı xatalı planlarını reallaşdırsa, bir gün növbə Türkiyəyə çatacaq...
Lakin Rusiya da, Anadolu türkləri demişkən, süddən çıxmış ağ qaşıq deyil. Moskva nəinki YPG/PYD-ni, heç PKK-nı belə terrorçu təşkilat kimi tanımır. Rusiya Türkiyə qüvvələrinin öz nəzarəti altındakı Afrində separatçılara qarşı hərəkətə keçməsinə imkan yaratmır. Əslində, Rusiya da Suriyada kürdlərə muxtariyyət verilməsinə çılışır ki, bu da Ankara üçün qəbuledilməzdir. Digər tərəfdən, Krım və Ukrayna məsələsində Ankara və Moskva fərqli cəbhələrdədirlər.
İrana gəldikdə isə, Azərbaycanda kimsə qonşuda gərginliyin olmasında maraqlı deyil. O da diqqəti cəlb etdi ki, İrandakı etiraz aksiyalarının əsas iştirakçıları farslar idilər, bir miqdar kürdlər də vardı və PKK-nın İran qanadı (PEJAK) etirazlara dəstək verdi. Amma Arazın o tayındakı soydaşlarımız əvvəldən bu aksiyalara şübhə ilə yanaşdılar və olduqca az azərbaycanlı etirazlara qarışdı.
Amma bunu da unutmayaq ki, İran Azərbaycanın ərazisini işğal edən Ermənistanla hərtərəfli əməkdaşlıq edir, münasibətləri genişləndirir. Rusiyanın Ermənistanın ağası olduğunu isə bir daha xatırlatmaq vaxt itirməkdir.
Vurğulmaq istədiyim odur ki, ABŞ-la münasibətləri pisləşən Türkiyə gərək başqa superarxa axtarmasın. Yəni, ABŞ və Aİ pisdirsə, kim deyə bilər ki, Rusiya və İran daha yaxşıdır.
Ümumiyyətlə, supergücün ağına da lənət, qarasına da...
Hansısa məsələdə maraqlar üst-üstə düşürsə, regional güclərlə yaxınlaşmaq olar, amma hər işə “türk prizması”ndan baxmağı unutmamaq şərtilə...
F.Bayramlı