Çox şey Rusiyadan asılıdır...
Lavrov: “Azərbaycanla Ermənistan əsas aspektlər üzrə razılaşmaya gəlməkdən hələ çox uzaqdır”
“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Qeyd edək ki, görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərgi açılıb. Sərginin açılış mərasimində Lavrov və Məmmədyarov iştirak ediblər. Rusiyalı nazir sərgidə iki ölkə arasında münasibətlərin strateji əməkdaşlığını əks etdirən sənədlərin nümayiş olunduğunu söyləyib. Məmmədyarov isə çıxışında iki ölkənin əlaqələrinin 25 ildə çox inkişaf etdiyini və bu illər ərzində Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalandığını bildirib.
Daha sonra keçirilən ikitərəfli görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan rusiyalı nazir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Öz növbəsində, Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Görüşün yekununda nazirlər Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında 2017-2018-ci illər üçün əməkdaşlıq və məsləhətləşmələr Planı imzalayıblar.
Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: “Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda, bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır” (APA).
Nazir qeyd edib ki, bu aspektlərin əksəriyyəti ilə bağlı anlaşma var: “Lakin yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur. Gizlətməyəcəyəm, tərəflər bu aspektlərə ümumi anlaşmaya gəlməkdən çox uzaqdır”.
Lavrov bildirib ki, Moskvada müzakirə olunan Qarabağ nizamlanmasına aid 2-3 əsas məsələ əlavə səylər tələb edir. Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Nazir Rusiyanın münaqişənin həlli istiqmətində ciddi səylər göstərdiyini də qeyd edib: “Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya bu istiqamətdə ciddi səylər göstərir. Biz bu məsələni bu gün də detallı müzakirə etdik. İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır”.
Rusiya-İran-Azərbaycan üçtərəfli formatı çərçivəsində əməkdaşlığa toxunan RF XİN başçısı qeyd edib ki, Moskva bu əməkdaşlığın inkişafında maraqlıdır. “RİA Novosti”nin xəbərinə görə, Lavrov bildirib ki, İran, Azərbaycan və Türkiyə Rusiyanın tərəfdaşlarıdır: “Biz Rusiya-İran-Azərbaycan formatı üzrə prezidentlər səviyyəsində görüş keçirmişik. Format həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də nəqliyyat, logistika infrastrukturunun inkişafı baxımından perspektivlidir. Sözsüz ki, biz bu əməkdaşlığın davamında maraqlıyıq”.
Lavrov həmçinin ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq. Onun sözlərinə görə, Məmmədyarovla görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb: “Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq”.
E.Mirzə