Ekspertlər: “Vyana görüşü ləğv edilsin”
İyulun 4-də erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması dinc sakinlərin ölümü və yaralanması ilə nəticələndi. Bu hadisədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərindən 18 aylıq Zəhranın ölümünə görə Ermənistana qarşı sərt bəyanat veriləcəyi gözlənilsə də, həmsədrlər hər zaman olduğu kimi, ikili standartlardan çıxış etdi. Bu isə Azərbaycanda rəsmi və ictimaiyyət səviyyəsində etirazlarla qarşılandı. Azərbaycanda hətta iyulun 11-nə planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün ləğv olunmasını istəyənlər də var.
Politoloq Elxan Şahinoğlu “Ekspress”ə açıqlamasında bildirdi ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə iyulun 11-nə nəzərdə tutulan görüşdən imtina etməlidir: “Mən bu görüşə ehtiyac görmürəm. Azərbaycan bu görüşdən çox asanlıqla imtina edə bilər. Keçən ilin aprelində də ermənilər bütün görüşlərdən imtina etmişdilər. Məqsəd nə idi? Onlar göstərmək istəyirdilər ki, guya atəşkəsi Azərbaycan pozub və buna görə də onlar növbəti görüşlərdə içtirak etmək istəmirdilər. Bu, beynəlxalq aləmə verilmiş mesaj idi. Bizim də bu görüşdən imtina etməklə bağlı mesajımız o olmalıdır ki, bizim mülki əhalini qırıblar, qətliam törədiblər və indiki halda biz belə görüşlərə ehtiyac duymuruq. Özü də belə görüşlər olsa belə, görüşdən nə nəticə çıxacaq ki? Bu, imitasiya xatirinə görüşdür. Çünki ermənilərə heç bir təsir etmir və hesab edirəm ki, Ermənistanın indiki hakimiyyəti indiki mövqeyindən çəkilən deyil. Çünki işğala da özləri başçılıq ediblər, Xocalı soyqırımını da özləri törədiblər. Elə mülki ahalinin hədəf alınması birbaşa Ermənistan prezidentinin qərarı əsasında həyata keçirilir. Bu, bizi daha çox işğalçılara qarşı mübarizəyə səsləyir”.
E.Şahinoğlunun fikrincə, ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində indiyə qədər heç bir irəliləyişə nail olmayıb və bundan sonra da olmayacaq. Həmsöhbətimiz hesab edir ki, indiki halda işğalçıya qarşı təzyiq daha da artırılmalıdır: “Bunun adı yorucu müharibədir. Elə etməliyik ki, Ermənistanın potensialı günü-gündən azalsın. Bunun da nəticələri var. Ermənistan xəbər agentlikləri yayıb ki, 11 min nəfər çağırışçı hərbi xidmətdən yayınıb və onlara cinayət işi açılıb. Çünki Ermənistan vətəndaşları öz övladlarını Qarabağda ölməyə göndərmək istəmirlər. Bu da yorucu müharibənin təsirlərindən biridir. Necə ki, onlar bizim rahatlığımızı pozublar, biz də o şəkildə onların rahatlıqlarını pozmalıyıq”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə ATƏT-in Minsk Qrupunun işindən narazılığını bildirib. O, “modern.az” saytına açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur: “Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcbur etmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizamnaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsinlər. Bu baxımdan, məsələ doğrudan da gərgindir”.
Keçmiş nazir bildirib ki, Azərbaycan məsələləri sülh yolu ilə həll etmək istəyir, amma Ermənistan hər zaman buna maneçilik törədir və demək olar ki, sülh prosesini tam şəkildə pozur: “Sadəcə olaraq danışıqlar prosesi gedir. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul olunmur. Ermənistan tərəfinin məqsədi təmas xəttinin sərhəd olmasıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri də buna qarşı çıxmırlar”.
T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir: “Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin, cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar”.
Aqil ASLAN