Sabit manat
uçot dərəcəsini azaltmağa zəmin yaradır
Sərt pul siyasəti iqtisadi aktivliyi əngəlləyir
Manatın məzənnəsinin sabitləşməsinin yaxın aylarda inflyasiya səviyyəsinə azaldıcı təsir edəcəyini gözləmək olar. Son iki ildə qiymət artımlarının əsas qaynağı manatın ucuzlaşması idi. Artıq dollar manat kursunda sabitləşmə yaranıb və bu halın qiymət artımlarını zəflətməsi ehtimalı güclüdür.
Manatın sabitləşməsinin uzunmüddətli olması da gözləniləndir. Məlumdur ki, dollar manat məzənnəsi xarici amillərin, daha dəqiq ifadə etsək, neftin ucuzlaşmasının təsiri ilə kəskin dəyişikliyə uğrayıb. Neftin qiymətində artıq sabitləşmə var və böyük ehtimalla neftin ucuzlaşması yaxın illərdə baş verməyəcək. Bunu OPEC və bu təşkilatla əməkdaşlıq edən neft ixracatçılarının əldə etdiyi razılaşma da göstərir. Razılaşmaya əsasən 2018-ci ilin martına qədər beynəlxalq bazarlara çıxarılan neftin həcmi sabit saxlanılacaq. Ekspertlər buna əsaslanaraq iddia edir ki, yaxın gələcəkdə neftin qiymətinin nəzərəçarpacaq dərəcədə düşməsi real deyil. Xarici amillər əlverişli olduğundan dollar manat məzənnəsinin də uzun müddət sabit qalacağı yəqindir.
Dollar manat məzənnəsinin sabitləşməsi Azərbaycanda qiymətlərin də sabitləşməsinə əsas yaradır. Düzdür, 2017-ci ilin ilk 4 ayının nəticələrinə əsasən, illik müqayisədə inflyasiya səviyyəsinin qalxması müşahidə edilir. Apreldə illik bahalaşma 13,5 faizə çatıb. Halbuki ötən ilin dekabrında illik qiymət artımları 12 faizdən də az idi. İllik müqayisədə qiymətlərdə artım tempi yüksəlsə də aylıq müqayisədə azalma müşahidə edilir. Yanvarda 2,6 faiz olan aylıq inflyasiya apreldə 0,2 faizə qədər azalıb.
Aylıq inflyasiya səviyyəsindəki azalmanın davam edəcəyi proqnozlaşdırılır. Bir neçə gün öncə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov da verdiyi açıqlamasında 2017-ci ilin yekunları üzrə birrəqəmli səviyyədə inflyasiyanı real hesab etdiklərini vurğulamışdı (Trend).
Rüstəmov qeyd etmişdi ki, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, digər beynəlxalq təşilatlardan Azərbaycanda birrəqəmli inflyasiyaya dair müxtəlif müsbət proqnozlar var: “Biz öz hesablamalarımızı aparırıq. Əsas məqsədlərimizdən biri, 2017-ci ilin yekunları üzrə birrəqəmli inflyasiyaya nail olmaqdır”.
Mərkəzi Bankın rəhbəri inflyasiyaya təsir edən müxtəlif amillərin olduğunu qeyd edib: “İnflyasiya yalnız monetar xarakter daşımır, dünyada qiymətlərin təsiri və bir sıra digər amillər var. Bütün bu amilləri düzgün idarə etmək lazımdır. Bütövlükdə, biz biz inflyasiyanın birrəqəmli göstəriciyədək enməsini tamamilə real hesab edirik”.
Qeyd edək ki, əgər inflyasiya səviyyəsi aylıq dövrdə olduğu kimi illik dövrdə də azalma göstərərsə o halda Mərkəzi Bankın faiz dərəcələrinə yenidən baxması mümkündür. Mərkəzi Bankın sədri bildirib ki, may ayında keçirilən monitorinqin nəticlərinə görə, inflyasiyanın azalması trendi davam edir, bu vəziyyətdə uçot dərəcəsinin yüngülləşdirilməsi, təkrar baxılması məsələsi aktuallaşır (Marja.az).
Mərəzi Bankın İdarə Heyəti iyunda toplanacaq və həmin toplantıda uçot dərəcəsinə baxılması gözlənilir. Rüstəmov vurğulayıb ki, faiz dərəcələrində əsas trend inflyasiya gözləntiləridir: “İnflyasiyanın dinamikasını izləyirik və burada müsbət proseslərin şahidi oluruq”.
Bir qayda olaraq inflyasiyada yüksəlmə meylləri müşahidə edildikdə uçot dərəcəsi artırılır. Əksinə, inflyasiya səviyyəsi aşağı düşdükdə uçot dərəcəsi də aşağı salınır. Uçot dərəcəsi dedikdə Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsi başa düşülür. Mərkəzi Bank uçot dərəcəsini dəyişməklə tələbi tənzimləyər.
Belə ki, uçot dərəcəsi aşağı salındıqda kommersiya bankları tərəfindən Mərkəzi Bankın kreditinə tələb artır, kommersiya bankları daha çox pul götürməyə çalışır və bunun sayəsində də verilən kreditlərin həcmi artır. Kreditlər artdıqda tələb artır və qiymətlərdə yüksəlmə müşahi də olunur.
Uçot dərəcəsi qalxdıqda isə kommersiya banklarda əks reaksiya müşahidə olunur: Mərkəzi Bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır, kredit verilişi azalır. Kredit qoyuluşunun azalması ölkədə tələbin zəifləməsinə, bununla da qiymətlərin aşağı düşməsinə təkan verir.
Monetar siyasətdə uçot dərəcəsinin artırılması və azaldılması sərt və yumşaq pul siyasəti adlanır.
Sərt pul siyasəti Mərkəzi Bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarünün kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə, yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdikləri kreditlərin faiz dərəcələrini də yüksəldirlər.
Yumşaq pullar siyasəti nəticəsində iqtisadiyyatda pul təklifi artırılır, aktivlik yüksəldilir və bununla da inflyasiya səviyyəsi qaldırılır.
Azərbaycanda bir ildən çoxdur sərt pul siyasəti yürüdülür. Bu siyasət inflyasiyanın daha çox yüksəlməsinin qarşısını alsa da, iqtisadi aktivliyə də mənfi təsir göstərir. Manatın məzənnəsinin sabitləşməsindən sonra daha çox səsləndirilən fikir dövlətin sərt monetar siyasətini bir qədər yumşaltmasının vacibliyi ilə bağlıdır. İndiki vəziyyətdə pul təklifinin artırılması yaxşı olardı. Pul təklifinin artırılması üçün atılacaq addımlardan biri də uçot dərəcəsinin bir qədər azaldılmasıdır.
V.Cəfərov