Azərbaycanın xarici siyasətinin istiqamətləri
Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. "Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir".
Bu gün ölkə başçısı İlham Əliyevin xarici siyasət konsepsiyasında da Heydər Əliyev kursunun davamlı inkişafı və təkmilləşdirilməsi məsələləri ilə yanaşı, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mühüm yer tutur. Azərbaycan bir tərəfdən siyasi, iqtisadi və müdafiə potensialının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması, digər tərəfdən, xarici siyasət sahəsində əldə edilən mühüm nailiyyətlər, bir sıra dövlətlərlə möhkəm əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması sayəsində Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, bütün regional və beynəlxalq layihələrdən getdikcə daha çox tədric olunan Ermənistan isə təcavüzkar dövlət kimi tanınmış və bu gün də tanınmaqdadır (sam.az).
Qeyd edək ki, Azərbaycanın xarici siyasəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Ölkəmizdə müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Əvvəllər isə digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi tərəfindən müəyyən edilirdi.
1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu.
Ekspertlərin fikrincə, müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişikliklərinin baş verməsi xarici siyasətə təsirsiz ötüşməyib. Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı. Ölkə müstəqillik əldə etdiyi illərdə həm də daxildə Dağlıq Qarabağ problemi yaradıldı. 1995-ci ilin 12 noyabrında yeni Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi. Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir.
O da qeyd olunur ki, Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürüdülür ki, bu da bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.
Ümumiyyətlə isə Azərbaycanın xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ eyni zamanda Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir.
Hazırda Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq qurumlarla əməkdaşlıq edir, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir (wikipedia.org).
Yeri gəlmişkən, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun yazdığı "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" adlı kitabı ölkəmizin elmi ictimaiyyətinin böyük marağına səbəb olub.
Tarix elmləri doktoru Pərvin Darabadi Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətləri və prioritetləri nəzərdən keçirilən bu fundamental əsərə həsr olunmuş məqaləsində qeyd edir ki, hər bir dövlətin xarici siyasətinin mahiyyəti onun öz qarşısına qoyduğu konkret məqsədlərlə və onlara nail olmaq vasitələri ilə müəyyən edilir: "Bu, dövlətin ictimai-siyasi quruluşu, onun sosial-iqtisadi inkişaf səviyyəsi, beynəlxalq təşkilatlarda və dünya problemlərinin həllində iştirakının fəallıq dərəcəsi və bir sıra başqa amillərdən asılıdır. Dövlətin xarici siyasətinin ənənəvi məqsədləri isə bir-biri ilə sıx bağlı olan aşağıdakı məsələlərdən ibarətdir: dövlətin milli təhlükəsizliyinin, onun suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi; onun daxili işlərinə kənardan müdaxilənin yolverilməzliyi; pozitiv beynəlxalq imicin yaradılması; beynəlxalq münasibətlərdə dövlətin rolunun və nüfuzunun artırılması; xarici aləmdə müəyyən siyasi və iqtisadi mövqelərin qorunması.
Dövlət məhz özünün xarici siyasəti vasitəsilə dünya birliyinin digər aktorları arasında möhkəm beynəlxalq mövqeyə nail olmağa və nəticə etibarilə ölkənin səmərəli iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yarada bilər. Bu halda qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün xarici siyasi fəaliyyət müxtəlif vasitələrlə - ilk növbədə diplomatiyanın daxil olduğu siyasi, habelə iqtisadi, hərbi, informasiya-təbliğat vasitələri ilə həyata keçirilir.
Dövlətin xarici siyasətinin səmərəlilik parametrləri ilə əlaqədar qeyd etmək lazımdır ki, lokal, regional və ya qlobal miqyaslı statusdan asılı olaraq bu parametrlər daxili siyasi mühitlə xarici beynəlxalq mühit arasında yarana biləcək qarşıdurmanı minimuma endirmək, hər hansı, hətta ən əlverişsiz şəraitdə də arzu edilən nəticələrə nail olmaq, öz sabit inkişaf dinamikasını qoruyub saxlamaq qabiliyyətindən ibarətdir.
XXI əsrin əvvəlinə xas olan çox mürəkkəb beynəlxalq geosiyasi proseslər, planetin müxtəlif regionlarında, o cümlədən Qafqaz-Xəzər regionunda getdikcə mürəkkəbləşən dövlətlərarası münasibətlər şəraitində Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinə həsr edilmiş elmi araşdırmalar çox böyük elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir".
Qeyd edək ki, son illərdə Cənubi Qafqazda regional liderə çevrilmiş Azərbaycanın xarici siyasəti ilk növbədə ölkənin beynəlxalq aləmdə mövqelərinin daha da gücləndirilməsinə yönəldilib. Novruz Məmmədovun həmin problemə müraciət etməsi son dərəcə aktual və vaxtında atılmış addımdır, çünki müasir mərhələdə müstəqil Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin nəzəriyyə və praktikasına tam yiyələnmək zəruridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" kitabında ("Qanun" nəşriyyatı, 2013-cü il) müəllif son iyirmi ildə Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və inkişafı prosesinin, onunşəksiz uğurlarının və gələcək perspektivlərinin dolğun mənzərəsini yarada bilib. Təbiii ki, bu, külli miqdarda ilk mənbələrin, demək olar ki, bütün mövcud müasir yerli və xarici elmi ədəbiyyatın, problemə aid yüzlərlə sənədli və monoqrafik araşdırmaların, o cümlədən müvafiq internet saytlarından birsıra analitik materialların yaradıcı şəkildə öyrənilməsi sayəsində mümkün olub.
P.Darabadi qeyd edir ki, Azərbaycan politologiya elmində ilk dəfə elmi dövriyyəyə buraxılmış, ABŞ-da və Avropanın aparıcı ölkələrində nəşr edilmiş, müasirdiplomatiya nəzəriyyəsinə və praktikasına, aparıcı beynəlxalq qurumların fəaliyyətinə aid sənədli materiallar xüsusi maraq doğurur: "Müəllif Azərbaycan Respublikasının xarici siyasətinin təşəkkülü və möhkəmlənməsi dövründə onun fundamental əsaslarının işlənib hazırlanmasında ümummilli lider Heydər Əliyevin rolunu, habelə ölkənin xaricisiyasət strategiyasının müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla inkişaf etdirilməsini xüsusi vurğulayır.
Bütün bunlar müəllifə ölkənin xarici siyasətini ümumi siyasi prosesin mühüm elementlərindən biri kimi dərindən və hərtərəfli təhlil etməyə imkan verib. Kitabın hər fəslinin sonunda əsas nəticələrin və onların məzmunundan məntiqi şəkildə irəli gələn ümumiləşdirmələrin dəqiq ifadə edilməsi bu əsərin fərqləndirici cəhətidir".
Xatırladaq ki, monoqrafiyada dünya arenasında geosiyasi qüvvələrin indiki vəziyyətində dünyanın aparıcı dövlətləri olan ABŞ, Çin, Böyük Britaniya, Fransa, Yaponiya, Rusiya və başqalarının yeri və rolu hərtərəfli xarakterizə edilib.
Azərbaycanın xarici siyasətinin transformasiyası və dinamik inkişafı kitabda liberal-mühafizəkar prinsiplər əsasında dövlət quruculuğunun modernləşmə kursunun mərhələləri ilə üzvi əlaqəli şəkildə təhlil edilir.
P.Darabadi kitabın elmi redaktoru olaraq onu da qeyd edib ki, XX əsrin sonu - XXI əsrin əvvəlində postsovet məkanında geosiyasi reallıqlar, müstəqilliyin ilk illərində əlverişsiz daxili və xarici siyasi proseslər, 1993-cü ilin yayında yaranmış böhranlı vəziyyət nəzərə alınmaqla, habelə dövlət quruculuğunun təməlini təşkil edən milli-mədəni ənənələr əsasında müstəqil Azərbaycan dövlətinin qurulması strategiyasının işlənib hazırlanması və praktikada həyata keçirilməsi Heydər Əliyevin tarixi xidmətidir (anl.az).
Onu da qeyd edək ki, müstəqil dövlət quruculuğu prosesində Rusiya ilə əlaqələrdən bəhrələnmək, bəzi imperiyapərəst qurumları bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət kursunda müstəqil bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il sentyabrın 6-da Heydər Əliyev Moskvada Rusiya Prezidenti Boris Yeltsin və Rusiyanın başqa rəhbər şəxsləri ilə görüşüb iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan MDB-yə daxil oldu.
Siyasi ekspertlər bildirirlər ki, müstəqil dövlətçilik problemlərini həll etmək, bu yolda qarşıya çıxan təzyiqlərə birgə sinə gəlmək, yeni iqtisadi və dövlətlərarası münasibətlərə uyğun ikitərəfli və çoxtərəfli əlaqələr yaratmaq məqsədilə digər MDB dövlətləri, Ukrayna, Belorusiya, Gürcüstan, Moldava və xüsusən 1993-cü ilin sonuna qədər Azərbaycanla kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə münasibətlərin köklü şəkildə yenidən qurulması üçün yeni forma və vasitələrdən istifadə edilib.
1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı "Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında" Azərbaycan-Gürcüstan Bəyənnaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tiblisidə iki dövlət başçısının imzaladığı birgə Bəyənnamə "Ümumi Qafqaz evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu.Bundan başqa, Azərbaycan hökuməti Türkiyə ilə münasibətlərin normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirmək üçün çox ciddi və məqsədyönlü iş apararaq tezliklə müsbət nəticələrə nail oldu (siyasielmler.wordpress.com). Bu da o demək idi ki, region dövlətlərini və beynəlxalq qurumları iki ölkə arasındakı münasibətlərin əvvəlki dövrdə olduğu kimi sırf etnik amillər əsasında deyil, iki müstəqil dövlətin beynəlxalq birgəyaşayış normalarına söykənən qarşılıqlı mənafeyi üzərində qurulduğuna inandırmaq mümkün oldu. Bu da Azərbaycanın beynəlxalq münasibətlər sisteminə daha uğurlu inteqrasiyası qarşısında əlverişli imkanlar açdı.
Rəşid RƏŞAD
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur