Qalib İBRAHİMOĞLU
İndi də eşşək südü...
At-eşşək əti azıymış kimi, eşşək südü-pendiri də bu yandan çıxdı. Görəcəkli günlərimiz hələ qabaqdadır ki...
At, eşşək əti satanlara qarşı mübarizə gücləndikcə, bu işlə məşğul olanlar da üzə durublar elə bil ki. Zalım uşaqlarının qorxu-hürküləri də qalmayıb, day xəbərdarlığa-filana da məhəl qoymurlar.
Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları Bərdə rayon sakini, S.Vurğun küçəsi ev 15-də yaşayan Alim Məmmədova məxsus “Qazel” markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb və baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayağı, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkarlanıb.
Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Demə, bu iş adamın birinci əməli deyilmiş. Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, qurumun strukturları tərəfindən Alim Məmmədova dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq, o, qanunsuz əməllərindən əl çəkmir. Əl çəkməməyi bir yana, davam etdirir.
At-eşşək əti azıymış kimi, bu yandan da eşşək südü-pendiri çıxdı. Bəzi ölkələrdə, elə qardaş Türkiyədə də eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Mütəxəssislər deyirlər ki, südün tərkibində müxtəlif heyvanmənşəli infeksiyaların olması riski olduğundan, həmin südün və ya pendirin nə dərəcədə pasterizə olunması mühümdür. Bu baxımdan açıq şəkildə onların istifadə olunması qida mədəniyyətinə yaddır.
Azərbaycan üçün bu, ənənəvi qida deyil. Bu regionda yaşayan insanlarda eşşək südünü həll edən hormonlar yoxdur.
Amma deyilənlərə görə, eşşək südü sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitədir. Bizim işbazlar da bundan istifadə edərək, qaz vurub qazan doldurmaq fikrinə düşəcəklər. Buna heç şübhəniz olmasın.
Görəcəkli günlərimiz hələ qabaqdadır. Baxarsınız, bir azdan, inək, qoyun, keçi südünü eşşək südü, pendirini eşşək pendiri kimi təqdim edib satanlar peyda olacaqlar. Təki, qazanc olsun. Kəsəsi, biz elə millətik ki, istənilən situasiyada başqasına ziyan vurmağı, cibimizi doldurmağı bacarırıq...