Qalib İBRAHİMOĞLU
Düzələn deyilik
Bəzi sərnişinlərin ictimai nəqliyyatda etdiyi hərəkətlər heç bir çərçivəyə sığmaz. Adamlar dədələrinin maşınındaymışlar kimi, istədiklərini edirlər...
Yenə deyirəm, “BakuBus” sərnişinlərin rahatlığı üçün nə qədər çalışırsa, əksər sərnişinlər, sanki, bundan bir o qədər narahat olurlar. Bu səbəbdən də hər addımbaşı şirkətin təlimatlarını pozmağa çalışırlar.
Məsələn, avtobuslarda qabaq qapının yanında xəbərdarlıq stikerlərində göstərilir ki, ictimai nəqliyyatda yüksək səslə danışmayın, yüksək səslə musiqiyə qulaq asmayın, avtobusu zibilləməyin və s. və i. Amma kimdir bu xəbərdarlıqlara məhəl qoyan? Bəziləri qulaqlarında “nauşnik” olsa belə, musiqiyə elə səs verirlər ki, sanki palatka toyundadırlar. Yaxud, bəzən iki tanış yanaşı oturanda, onların bütün söhbətlərini avtobusdakıların hamısı eşidir, zalım uşağı, bu söhbət sizin özünüzə aiddir, axı, mənim nəyimə lazımdır ki, sənin banka nə qədər borcun var və ya o birisi kreditlə hansı telefonu alıb.
Dünən işə gələndə, üzbəüz oturacaqda əyləşən cavan bir oğlan ayağını ayağının üstünə aşıraraq, telefonda oyun oynayırdı. Başı o qədər qarışmışdı ki, yanındakı boş oturacağa qoyduğu çantasına görə ayaq üstə qalmıq ağsaqqala belə əhəmiyyət vermirdi. Kişi bir qədər gözlədikdən sonra ədəb-ərkanla onun çantasını götürüb oğlanan qucağına qoydu. Gədəni elə bil tok vurdu, dik atıldı. Bircə dənə “nolub” deyə bildi. Ağsaqqal bayaqdan başı oyuna qarışmış oğlanı ağ yuyub qara sərdi. İnsafən, oğlanda utanan sifət vardı, heç nə demədi, o biri dayanacaqda düşüb getdi.
Bir neçə gün əvvəlsə itlə avtobusa minən qadına sürücü “ay xanım, ev heyvanı ilə avtobusa minmək qadağandır” söyləsə də, qadın sanki buna deyilmirmiş kimi, keçib sürücünün arxasındakı oturacaqda əyləşdi. Sürücü bayaq dediyini bir də söylədi, qadınsa yenə də əhəmiyyət vermədi. Vəziyyətin qəlizləşdiyini görən sürücü maşından düşərək, kiməsə zəng vurdu. Geri dönüb, qadından maşından düşməyi xahiş etdi. Bu dəfə qadın gözünü yumub ağzını açdı: “Bu, nə deməkdir, ey. Yasamaldan buracan avtobusla gəlmişəm, amma heç kəs bir söz deməyib. Noldu, qanunla işləmək elə sizə qaldı?”
Qadın avtobusdan düşmədi. Sürücü isə deyəsən, maşını işə salmaq istəmirdi. Digər sərnişinlərin qadını qaydalara əməl etməyə çağırması belə, onun tövrünü pozmadı: “Mənim işim yox, gücüm yox. Sabaha qədər desə də gözləyəcəm, amma avtobusdan düşməyəcəm”.
Elə də oldu. Bir neçə dəqiqəlik çək-çevirdən sonra sürücü məcbur qalıb avtobusu işə saldı. “İtlə maşına minmək qadağan idisə, indi niyə sürdün”, - deyə bu dəfə qadın sürücüyə irad bildirdi. Sürücüsə başını yelləməklə ona cavab verdi.
Nəsə, belə hadisələr ictimai nəqliyyatda tez-tez baş verir. Kaş ki, bizdə də sərnişin mədəniyyəti formalaşaydı...