Qalib İBRAHİMOĞLU
Sırada kimdi?!
Deputat Hadı Rəcəblinin sosial şəbəkələrə qarşı çıxmasından çox keçməmiş əməkdar artist Aybəniz Haşımova da onun yolunu getdi. Necə deyərlər, siz tək deyilsiniz, Hadı müəllim...
Başqası olsaydı, ondan bu qədər yazan, fikirlərini bu qədər təhrif edən jurnalistlərdən qaçar, başqa məmurlar, deputatlar kimi onların zənginə cavab verməzdi. Amma Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli media əhlindən küsüb-incimir. Onun açıqlama və ya müsahibə verdiyi jurnalistlərdə heç günah da görmür. “Günah başlıq çıxaranlardadır, qarışıqlıq salanlardadır”.
Deputat başlıq çıxaran redaktorları bir az diqqətli, həssas və obyektiv olmağa çağırır: “Görürsən ki, sayt rəhbərləri bəzən bu məqamları gözləmirlər. Belə etmək olmaz”.
İndiyədək haqqında o qədər yalan, həqiqətdən uzaq məlumatlar yayıldığını deyən H.Rəcəbli “yeniçağ”a bildirib ki, sonuncu belə hadisə sosial şəbəkələrlə əlaqədar fikirlərinin təhrif olunması olub: “Mən demişdim ki, sosial şəbəkələrlə bağlı addımlar qanunvericilik əsasında olmalıdır. Götürüb yazdılar ki, Hadı Rəcəbli sosial şəbəkələrin bağlanmasını təklif edib. Ancaq elə deməmişdim axı...”
Bunu keçdik. Hadı müəllimin bu fikirləri elə təzəcə yaddan çıxmağa başlayırdı ki, indi də əməkdar artist Aybəniz Haşımova internet portallarına qarşı müharibə elan edib.
Müğənni feysbuk sosial şəbəkəsində status yazaraq, Azərbaycanda internet portallarının bağlanmasını istəyib. Əksər insanların kompüter arxasında şirə çevrildiyini deyən əməkdar artist bununla bağlı prezidentdən bir xahişdə bulunman istəyir. Ki, internet portallarının hamısının bağlanması haqqında qərar versin. “Səviyyəli insanlardan bu ifadəmə görə üzr istəyirəm. Anasından, bacısından, özünün kişiliyindən xəbəri olmayanlar kompüter arxasında şirə, pələngə dönürlər”.
Yaxşı, noldu ki, Haşımova birdən-birə internet portallarına qarşı çıxdı? Səbəbini özü desin, biz də bilək. Müğənni “qafqazinfo.az”a deyib ki, bəs feysbukda qruplar açırlar, orada yetəni söyürlər, təhqir edirlər. Guya sorğu düzəldirlər. “Adamı buna görə öldürərlər. İnsanları bu həddə niyə çatdırırlar?”
A.Haşımova hesab edir ki, ümumiyyətlə, yazılanlar bu ölkəni uçuruma aparır. Belə davam etsə, ölkədə adam qalmayacaq, hamı bir-birini öldürəcək. “Yazan adamları
tapmaq mümkün deyil? Biri haqqında məlumat öyrəndim, lazımı orqanlara təhvil verdim. Mən nə vaxta kimi polisə şikayət edəcəm, onları narahat edəcəm?”
Belə. Özgə kimlər sosial şəbəkələrin bağlanmasının tərəfdarıdır? Əl qaldırın...