Qalib İBRAHİMOĞLU
Turistlərə tövbə etdirməyək
Üç-dörd il əvvəl Bakıda tək-tük xarici turist görmək olardı. Amma indi, az qala turistlər şəhər əhalisindən çoxdu. Təbii ki, bütün bunlar ölkədə turizm sektorunun inkişafından xəbər verir. Amma...
Turimz potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin. Ölkələr var ki, bundan ötrü hər addımı atmağa hazırdır, təki kimsə onun qapısını döysün. Bir neçə il əvvəl Azərbaycana da turistlər az hallarda üz tutardılar. İndisə Azərbaycan turistlərin axın etdiyi ölkələrdən birinə çevrilib.
Hər işdə bir əmma olduğu kimi, bu sahədə də problemlər mövcuddur. Elə Azərbaycan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə danışaraq, bu sahədə problem yaradanlara sərt xəbərdarlıq edib. Prezident xatırladıb ki, əvvəllər vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidir, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. "Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar".
Amma xarici həmkarlarından biri İlham Əliyevə deyib ki, bəs Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. "Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı!"
Bu işi görənlər cəzalandırılıb, fotoşəkil məsələsi ortadan qalxıb. Əlləri bu işlə pul qazanmaqdan çıxanlar daha sonra başqa bir yola əl atıblar. Belə ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunub. Pul qazanan millətik. Gözünü pul tutmuş insanlar cəzaya-filana da baxmırlar, hansı yolla olur-olsun, ciblərini doldurmaqla məşğuldurlar. "Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar".
Hələ bu, harasıdır? Prezident deyir ki, bəzən hüquq-mühafizə orqanlarının işçiləri hotellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. "Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır".
Bu da Prezidentin növbəti xəbərdarlığı. Nəsə, elə eləmək lazımdır ki, bura bir gələn tövbə etməsin, yolunu buralaradan bir də salsın...