Qalib İBRAHİMOĞLU
Maraqsız aksiyalar
Xeyli susqunluqdan sonra müxalifət bu həftə yenə mitinq keçirəcək. Milli Şuranın təşkil etdiyini aksiya adəti üzrə “Məhsul” stadionunda olacaq. Gələn həftə isə bu meydan Müsavat Partiyasının ixtiyarına veriləcək.
Bakı şəhər Baş Polis İdarəsi hər mitinqdən əvvəl aksiya təşkilatçılarını idarəyə dəvət edərək, müəyyən xəbərdarlıqlarını edir. Xəbərdarlıqlar da adətən mitinqdə hər hansı təxribata imkan verilməyəcəyilə bağlı olur. Bildirilir ki, mitinqdə aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək.
Bu dəfə də belə olub. Bircə fərq o olub ki, Polis İdarəsi MŞ-yə mitinqin təşkilatçılarına vaxtın dəyişdirilməsini təklif edib. İdarə bu təklifini də müxalifəti nəzərə alaraq edib. Belə ki, MŞ Bakı meriyasına mitinqin axşam saat 5-dən 7-dək keçirilməsi ilə bağlı müraciət edib. Polis İdarəsi isə hava tez qaraldığından mitinqin bir-iki saat tez başlamasını təklif edib.
Di gəl, müxalifət bununla razılaşmayıb. İdarəyə getməzdən əvvəl təşkilatçılar toplaşaraq, bu məsələni müzakirə ediblər. Və qərara gəliblər ki, mitinq təyin olunan vaxtda keçirilsin. Bunu da elə dünən Polis İdarəsində bəyan ediblər.
Müxalifət hər dəfə mitinq keçirəndən sonra aksiya iştirakçılarının sayı məsələsi müzakirə mövzusuna çevrilir. Bu dəfə isə mitinqdən öncə müəyyən fikirlər səsləndirilib. Məsələn, YAP-çı deputat Aydın Mirzəzadə ölkə müxalifətinin sosial bazasının olmasından danışmağı yersiz sayaraq, düşərgənin sabahkı mitinqinə 100, ən yaxşı halda 200 nəfərin qatılacağını proqnozlaşdırır.
Mirzəzadə, ümumiyyətlə, Seçki Məcəlləsinə görə, yalnız MSK-da qeydə alınan təşviqat qruplarının referendumla bağlı kütləvi tədbirlər keçirmək hüququnun olduğunu deyərək, bu baxımdan MŞ-nin mitinq keçirməyə hüququnun çatmadığını bildirir. YAP-çı deputat paytaxt meriyasının hansı səbəbdən onların mitinqinə icazə verdiyini bilmir. “Ümid etmək istəyərdim ki, Milli Şura hakimiyyətin onlara qarşı münasibətini yüksək qiymətləndirəcək və mitinqi qanunsuzluq, eyni zamanda hüquq-mühafizə orqanları ilə toqquşma səviyyəsinə çatdırmayacaq. Radikal müxalifətin bir qayda olaraq məqsədi hakimiyyətlə toqquşma yaradaraq xaricdə özlərinin döyülən, əzilən, hüquqsuz obrazını yaratmaqdan ibarətdir”.
A.Mirzəzadə MŞ-nin mitinqi niyə təkbaşına keçirməyə üstünlük verdiyinin səbəbini də tapıb: “Radikal müxalifət xaricdən aldığı təlimatları yerinə yetirmək üçün mitinqə üstünlük verir. Onlar bir qayda olaraq öz aralarında xarici qrant uğrunda ciddi mübarizə aparır. Ona görə də hər biri qrantın ona verilməsinə çalışır”.
Belə, sabah MŞ “mitinq mövsümü”nü açıq elan edəcək. Amma kim nə deyir-desin, aksiyalara əvvəlki maraq day qalmayıb...