4 gün sonra isə əfsanəvi gəmi aysberqlə toqquşaraq, qəzaya uğrayır. Gəminin göyərtəsində 2208 sərnişin olub və yalnız 712 sərnişin və gəmi heyəti xilas ola bilir.

Okeanda batan 3-cü sinif sərnişinlər, xilasetmə jiletində xilasetmə qayıqlarına minən milyonçular, son ana qədər ifasını dayandırmayan orkestr, sevgilisini xilas etmək üçün öz xilasetmə jiletini verən qəhrəman... Bütün bunlar təkcə filmdən kadrlar deyil, həm də real həyat hekayələridir (aznews.az).

“Titanik”in göyərtəsində cəmiyyətin qaymaqları toplaşmışdı: milyonçular, aktyorlar, yazıçılar. Onların 1-ci sinifə ödədiyi hər biletin qiyməti müasir valyuta ilə müqayisədə 60 000 dollara başa gəlib. 3-cü sinif sərnişinlərsə biletə 35 dollar (müasir pulla 650 dollar) ödəməli olublar. Onların gəminin yuxarı mərtəbələrinə qalxmaq haqqı yox idi.

Xilasetmə qayığına ilk tullanan şəxslərdən biri Bryus İsmey olub. O, “Titanik”-ə sahib olan "White Star Line" şirkətinin baş direktoru idi. Qəzadan sonra onu qayığa qadınlar və uşaqlarla birgə mindiyinə görə, həm də gəminin kapitanına sürəti artırmaq göstərişi verdiyinə görə ittiham ediblər. Məhz yüksək sürət faciəyə səbəb olmuşdu. Lakin, o, məhkəmədə bəraət qazanır.

21 yaşlı Roberta Meoni qrafinyanın qulluqçusu idi. O, "Titanik"də sahibəsi ilə birlikdə 1-ci sinifdə üzürdü. Gəminin göyərtəsində heyətdə çalışan gənc stüardla tanış olur. Gənclər bir-birinə vurulur.

"Titanik" batmağa başlayanda stüard Robertanın kayutuna gələrək, onu cəld göyərtəyə çıxarır, öz jiletini geyindirərək xilasetmə qayığına mindirir. Bir çox ekipaj üzvləri kimi, o da həlak olur.

Roberta "Karpatiya" gəmisi ilə Nyu-Yorka çatır. Gəmidə isə paltosunun cibindən ulduzlu nişan tapır. Həmin ayrılıq dəqiqələrində stüard bu nişanı Robertanın cibinə atmışdı.

Emili Riçards 2 kiçik oğlu, anası, bacısı və qardaşı ilə həyat yoldaşının yanına getmək üçün gəmiyə minmişdi. Qəza baş verən an o, öz oğlanları ilə yataqda yuxuya getmişdi. Toqquşma anında anasının qışqırtısı onu oyadır.

Riçardlar möcüzə nəticəsində pəncərədən sürüşərək 4 nömrəli xilasetmə qayığına düşə bilirlər.

"Titanik" tamamilə batdıqdan sonra, qayığa daha 7 nəfəri sudan çıxararaq mindirirlər, təəsüf ki, onlar tezliklə donaraq ölür.

1-ci sinif sərnişinlər arasında tanınmış amerikalı sahibkar İsidor Ştraus və həyat yoldaşı İda da səyahət edirdi. Onlar 40 il evli idilər və heç vaxt ayrılmamışdılar.

Gəmi zabiti qayığa əyləşməyi təklif etdikdə isə, İsidor bundan imtina edərək, yerini qadınlara və uşaqlara vermişdi. İda da onunla razılaşaraq qayığa minmir.

Hətta Ştrauslar öz yerinə qulluqçunu mindirirlər. Sonradan İsidoru nişan üzüyünə görə tanıyırlar. İdanınsa meyiti tapılmır.

"Titanik"də iki orkestr var idi. Britaniyalı 33 yaşlı skripkaçı Uollas Xartlinin rəhbərlik etdiyi simli kvartet və əlavə trio. Adətən bu iki qrup musiqiçilər laynerin müxtəlif tərəflərində musiqi ifa edirdilər və mütəmadi olaraq yerlərini dəyişirdilər. Qəzanın baş verdiyi gecə isə bütün musiqiçilər bir araya gəlir.

Xilas olan sərnişinlərdən biri xatirələrində yazır ki, həmin gecə bir çoxları mərd hərəkət etmişdilər. Lakin, onlardan heç biri bu musiqiçilərlə müqayisə edilə bilməz. Onlar anbaan okeanın dərinliyinə yuvarlanan gəmidə ifa etməyə, musiqi səsləndirməyə davam edirdilər.

2 həftə sonra Uollas Xartlinin meyiti sudan çıxarılaraq, İngiltərəyə göndərilir. Onun sinəsinə isə skripka bağlanmışdı. Bu onun nişanlısının hədiyyəsi idi.

Orkestrın digər üzvlərindən də sağ qalan olmur.

Vayolett Konstans Djessop adlı stüardessa "Titanik"də işə düzəlmək istəmirdi. Amma dostları onu inandıraraq, onun üçün bu işin yeni təcrübə olacağını söyləyirlər.

Daha əvvəl 1910-cu ilin oktyabrında Vayolett "Olimpik" transatlantik laynerində stüardessa işlədiyi vaxt uğursuz manevr nəticəsində gəmi kreyserlə toqquşmuşdu. Lakin, Vayolett qayıq vasitəsilə xilas ola bilir.

Birinci dünya müharibəsi zamanı qız tibb bacısı işləməyə yollanır. 1916-cı ildə "Britanika" bortunda qəza baş verir və gəmi batır. Qayıqlarda xilas olmağa çalışan ekipaj üzvləri gəminin vintinə ilişərək, həlak olurlar. Xoşbəxtlikdən Vayolett suda üzərək digər qayığa çata bilir və xilas olur.

"Titanik"də də Vayolett qayıqda xilas olur.

"Titanik" gəmisinin kapitanı Edvard Con Smit idi. Ekipajın böyük hörmət etdiyi bu şəxs sərnişinlər arasında da çox məşhur olur. Gecə 02:13-də, gəminin suya qərq olmasına 10 dəqiqə qalmış, Con sükan arxasına qayıdır və məhz burda ölümü qarşılamağa hazırlaşır.

Qəza zamanı amerikalı biznesmen Benjamin Quqqenhaym qadınlara və uşaqlara xilasetmə qayıqlarına minməyə kömək edirdi. Onun özünə kömək təklif etdikdə isə “Biz ən qəşəng kostyumlarımızı geyinmişik və əsl centlmenlər kimi ölməyə hazırıq” demişdi.