Ümidləri doğrultmayan Qırmızı Meymun
Qalib İBRAHİMOĞLU
Qırmızı Meymunun “hökmranlığı” da buracanıymış. Taxtdan düşən Meymunu Xoruz əvəz edəcək. Elə Meymun kimi Xoruz da qırmızı olacaq. Keçən ilin bu vədələrində Qırmızı Meymundan arzuladığımızı indi də təzə ildən diləyirik; Qırmızı Xoruz günlərimizi qaraltmasın...
2016 da belə başa çatdı. Manatın üzüaşağı, dolların üzüyuxarı sürətlə getdiyi Qırmızı Meymun tarixə qovuşdu. Öz aramızdır, Qırmızı Meymun tarixə qırmızı hərflərlə heç nə yazmadı. Əksinəsi isə yetirəncə oldu.
2016-cı ildən nələr gözləyirdik, nələrlə üzləşdik. Bir sözlə, Qırmızı Meymun gözləntiləri doğrultmadı.
Ümid Qırmızı Xoruzadır. Di gəl, astroloqlar 2017 barədə də nikbin pronqoz vermirlər. İddia edirlər ki, metal və atəş elementlərini simvolizə edən Qırmızı Xoruz ilindən sakitlik və əmin-amanlıq gözləməyə dəyməz. Bunu isə indiyədək heç bir Xoruz ilinin sakit və sülh şəraitində keçməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, bəs daim narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Astroloqlar Qədim Şərq astrologiyasına əsaslanaraq, Xoruzun təcavüzkar il olduğunu deyərək, kimsəni kimdənsə mərhəmət gözləməməyi, ədalətin qələbə çalacağına inam bəsləməməyi tövsiyə edirlər.
Ümumiyyətlə, Xoruzun adı rusca pis səslənir ey...
Deyilənlərə görə, Qırmızı Xoruz ilində, belə deyək, dar gün üçün bir manat dala atmaq nədir, ümumiyyətlə, pul qazanmaq çətin olacaq. Belədə Qırmızı Meymuna şükür etmək qalacaq.
Manat 2016-cı ildə indiyədək heç olmayan qədər dəyərdən düşdü. Dollar kor atını minib göndələn çapdı. Günü bu gün valyuta dəyişmə məntəqələrində, banklarda dollar deyənə çəpəki baxırlar.
Qırmızı Meymun ilinin sonuna yaxın hökumətimiz millətə “yeni il hədiyyəsi”ni etdi. Belə ki, Tarif Şurası kommunal xərcləri artırmaqla camaatdan yağlı sözlər aldı. Düzdür, çox keçmədən işıq, qaz üçün müəyyən edilmiş limit bir qədər artırıldı, bununla da il ərzində nə az, nə çox, 44 manat cibimizdə qalacaq. Buna da şükür.
Yaxşıdır ki, bəzi astroloqlar ilin ikinci yarısından ölkədə qismən da olsa, sabitlik yaranacağını deyərək, camaata ürək-dirək verirlər. Ovaxtacansa hər cür hadisələr gözləmək olar. Deyirlər, fevral ayından hakimiyyət islahatlara gedəcək, hətta müstəqil qurumlarla, müxalifətlə müəyyən məsələlərdə bir araya da gələcək. Müxalifət demiş, bu düşərgənin əvvəlki illərdə aradabir heç olmasa səsi-səmiri çıxırdı, nəyəsə cəhd görüntüsü yaradılırdı. Qırmızı Meymun ilindəsə elə bil ölkədə heç müxalifət olmayıb.
Astroloqlar gərginliklərin yalnız 2018-ci ildən tədricən aradan qalxmağa başlayacağını proqnozlaşdırırlar. Yaşayarıq, görərik...