Əyləncəli vədlər - Qalib İBRAHİMOĞLU
Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasında seçicilərə maraqlı vədləri davam edir. Namizəd var ki, növbəti seçkiyədək xatırlanmayacaq, namizəd də var ki, qarşıdakı 7 ildə ekskavator sürəcəyi, ölkədə dar ağacı quracağı (Allah beləsinə hakimiyyət qismət eləməsin) ilə yadda qalacaq...
Növbəti prezident seçkisinə bircə həftə qaldı. Namizədlərin təbliğat-təşviqat kampaniyası bir qədər də qızışır. Açığı, namizədlərin yerlərdə seçicilərlə keçirdikləri görüşlər barədə məlumatsızam, amma İTV-də onların həftədə 3 dəfə keçirdikləri debatlar maraq kəsb edir. Təbii ki, bu debatları da maraqlı edən 1-2 namizəd var. Hansı ki, elə seçicilərə verdikləri vədlər də maraqlıdır.
Məsələn, reklam olmasın deyə, ad çəkmirəm, namizədlərdən biri işdi-şayət prezident olsa, inanın ki, ölkədə uçurulmayan hasar, dağıdılmayan divar qalmayacaq. Təbii ki, adam birinci növbədə Xəzəri hasardan azad edəcək. Özü də bu işi görmək üçün məmurlara göstəriş verməyəcək, şəxsən özü ekskavatorun sükanı arxasında oturub uçurtma-dağıtma kampaniyasını həyata keçirəcək.
Bu addım həm də hasarlama əməliyyatını həyata keçirən icra başçılarının da sonu demək olacaq. Nədən ki, bu işi görən onlardır və "hasarların arxasındakı eybəcərliklərin görünməsini istəmirlər". Namizəd bəy də hesab edir ki, bu eybəcərlikləri örtmək düzgün deyil, həll etmək lazımdır. Özü də hasar sökmək əməliyyatı o qədər də uzun sürməyəcək, bunun üçün adama bircə saat vaxt lazım olacaq.
Namizədlərdən digərisə bundan əvvəlki seçkilərdə namizəd olanda hansı vədləri verirdisə, indi də həmin bayatıları oxuyur. Adamın Əli Kərimlini, Cəmil Həsənlini görməyə gözü yoxdur. Son vaxtlar hamımız xaricdə oturub Azərbaycan iqtidarını təhqir edənləri qınayırıq, amma elə Azərbaycanın özündə namizəd olan kəs müxalifəti təhqir etməkdən belə çəkinmir. Müxalifətdə təmsil olunan şəxsi "təlxək" adlandıran namizəd həmin adamın ailəsini belə təhqirə yol verir. Bu, hələ namizəddir belə danışır, gör, prezident olsa, necə olacaq? Necəliyini adamın özü öz diliylə söyləyir. "Azərbaycan hakimiyyətinin daxilində milli qeyrəti olmayan insanlar çoxdur. Sənə pas verirlər və səni öyrədirlər. Kərimov Əliyə pul da verirlər. Bunları bilirik. Amma bu dövləti qoruyub oxumaq istəyən insanlar var. Onun biri İlham Əliyevdir, ikincisi Hafiz Hacıyevdir. Ya prezident mən olacam, ya da İlham Əliyev. Sizi dar ağacından asacam".
Allah göstərməsin, bu adam prezident olsa, ölkədə dar ağaclarının sayı-hesabı olmayacaq.
Nəsə, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Və verilən vədləri eşidib doyunca əylənməyə hələ var...