Azərbaycan diasporu və media

18.09.2018 12:22
721
Azərbaycan diasporu və media

Diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkələrdə tanıtdırmaları üçün yeni imkanlar, yeni yanaşmalar tələb olunur. Təbii ki, bu zaman ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür. Diaspor qurumlarımızın saytları olmalıdır ki, informasiya əlçatımlığı təmin olunsun.


Azərbaycan diaspor mediası XIX əsrin ortalarından başlayaraq formalaşmağa başlayıb, ötən əsrin ilk illərində artıq mətbuat orqanlarının inkişafı sürətlənib. Maarifpərvər ziyalı Məmmədağa Şaxtaxtlının böyük əziyyətlər hesabına nəşr etdirdiyi həftədə üç dəfə türk dilində çap edilən “Şərqi-Rus” Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunub. 1903-cü ildən 1905-ci ilə qədər iki il müddətində işıq üzü görən qəzetin cəmi 377 nömrəsi çıxıb. 1905-ci ildə “Şərqi-Rus” qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə yeni bir mətbu orqan “Gələcək” ictimai-siyasi, ədəbi qəzet çap olunur. Bu qəzet Mərkəzi Müsəlman Təşkilatı olan “Hümmət” Menşevik Sosial-Demokrat Firqəsinin orqanı idi. Elə həmin il Tiflisdə yeni bir məcmuə də - “Gənclər yurdu” çap edilir. Bala Məmmədzadə və F.T.Hacızadə məcmuənin redaktoru olublar. “Gənclik” qəzeti həftədə iki dəfə, “Gənclik yurdu” isə ilkin mərhələrdə ayda iki dəfə, sonra isə həftədə bir dəfə buraxılıb.


Zaman ötdükcə Azərbaycan diaspor mətbuatı bu və digər ölkələrdə daha da inkişaf edərək formalaşırdı. Rusiya imperiyasının tərkibində olan bölgələrdə də belə qəzetlər çap olunaraq, xalqın mədəniyyətini, milli dəyərlərini təmsil etdirdi. Azərbaycan ziyalılarından olan Mustafa Lütfü İsmayıl Şirvanski 1911-ci ildə Həştərxanda “Bürhani-Tərəqqi” adlı ədəbi, ictimai-siyasi qəzet yaradır. Bu uğurlu hadisədən sonra Krımda da (1918-ci ildə) “Millət” adlı qəzet fəaliyyətə başlamış və bu mətbu orqan Krım Müsəlmanları İcra Komitəsi tərəfindən işıq üzü görür.

Azərbaycan diaspor mətbuatının tədqiqatçılarından olan Nazim Rizvan yazır ki, Almaniya da öz demokratik yönümü ilə, mədəni inşikafı ilə XX əsrin başlanğıcında azəri türklərinin diqqətini cəlb etmiş ölkələrdəndir. “Dünyaya qot memarlığını, Albrext Dürer rəsmlərini, Bethoven musiqisini, Vaqner bəstələrini, Kant, Hegel, Feyerbax fəlsəfəsini, Göte, Şiller poeziya və dramaturgiyasını vermiş Almaniya istibdad quruluşunun İrandan qovub-dağıtdığı Azərbaycan mühacirlərinin sığınacağına dönmüşdür”.


Berlinə pənah gətirən və orada yaşayan görkəmli ictimai xadim, qələm sahibi olan Seyid Həsən Tağızadə həmin məkanda 1915-1921-ci illərdə “Gavə” adlı aylıq qəzet çıxararaq, oxuculara təqdim edir (“susqazeti.az”). Altı il müddətində çap olunan “Gavə” qapandıqdan sonra elə həmin il Berlində ziyalı Hüseyn Kazımzadə jurnal buraxdırır. Bundan sonra isə Berlində doktor Təqi Əfəndinin rəhbərliyi altında çıxan “Dünya” jurnalı Köln, Hamburq, Vann, Münhen kimi şəhərlərdə Azərbaycan diaspora mətbuatının əsasını qoyur.


Məlum 1917-ci il inqilabı baş verdikdən sonra Rusiyanın paytaxtı və iri şəhərlərində Azərbaycan diasporunun qəzeti və jurnalları çıxmağa başlayır. Petroqradda çıxan “Hürriyyət” qəzeti Bakıdan qaçmış bolşeviklər Çingiz İldırımın, Böyükağa Tağızadənin və Mirəli Mirsadıqovun redaktorluğu ilə çap edilir. Qəzetin yaradıcı və məsul işçiləri Azərbaycan həqiqətlərini mətbu orqanlar vasitəsilə yaymağa çalışır, mübariz ruhlu qələmləri ilə həqiqətə, xalqa, insanlara, humanizmə xidmət edirdilər.


Sovet imperiyasının ilk illərində Tiflisdə Azərbaycan diaspora mətbuatı işıq üzü görür. 1918-1920-ci illərdə nəşr olunan “Al bayraq” qəzeti müsəlman ictimaiyyətinin orqanı idi. Ə.Qarayevin, Ə.Sadıqovun, M.Məhərrəmovun redaktorluğu və təşkilatçılığı ilə çıxan qəzet həftədə iki dəfə nəşr olunurdu. Tiflisdə sovet dövrünün ilk on ili ərzində müxtəlif adda Azərbaycan ziyalılarının təşəbbüsü ilə qəzetlər nəşr olunurdu.


Sovet dövründə Dağıstanın Mahaçqala və Buynaksk şəhərlərində də Azərbaycan dilində olan mətbu orqanlarının nəşrinə başlanılır. Belə ki, 1923-1929-cu illərdə çap edilən “Dağıstan firqəsi” və 1925-1929-cu illərdə çıxan “Maarif yolu” qəzetləri Azərbaycan diaspor mətbuatının nümunələridir.


Türkiyədə yaşayan azərbaycanlıların da fəaliyyət dairəsi geniş idi. Belə ki, 1952-ci ildə Ankarada buraxılan “Azərbaycan” jurnalı Türkiyədəki Azərbaycan diasporu mətbuatının nümunələrindən idi. Tanınmış ziyalıların rəhbərliyi ilə çıxan qəzet Azərbaycan ədəbiyyat və incəsənətini, azadlıq mübarizəsini əks etdirərək, xalqın milli mənafeyinin müdafiəçisi kimi çıxış edirdi.


Almaniyanın bir çox şəhərlərində Azərbaycan diaspor mətbuatının təməl daşı qoyulduqdan sonra, bu dövlətdə milli mətbuatımızı təmsil edən qəzet və jurnalların sayı artmaqda davam edirdi. Almaniyanın Berlin şəhərində azərbaycanlılar “Milli yol” qəzetinin nəşrinə nail olurlar. Ədəbi, siyasi, elmi, iqtisadi və milli məcmuə olan “Milli yol” ayda iki dəfə nəşr olunurdu. Çox keçmir ki, elə həmin şəhərdə Məmmədəmin Rəsulzadənin redaktorluğu ilə ayda üç dəfə işıq üzü görən “İstiqlal” qəzeti (1932-1934) və “Qurtuluş” (1934-1938) jurnalı çap etdirilir.


İranda da Azərbaycan diaspor mətbuatı davamlı olaraq nəşr olunurdu. 1941-ci ildə İranda baş verən məlum hadisədən sonra 11 illik qapalı zindan həyatından qurtulan Seyid Cəfər Pişəvəri 1942-ci ildə Tehranda “Açır” qəzetinin nəşrinə başladı. Demokratik ruhlu qəzetdə o, azadlıq ideyalarını təbliğ edən yazılar çap etdirirdi. XX əsrin 40-cı illərinin sonunda, Tehranda yeni bir diaspora mətbuatı fəaliyyətə başlayır. Bu isə Mehdizadə Rəhimlinin təsisçiliyi və Rəhim Zöhtabın redaktorluğu ilə olan “İradeyi-Azərbaycan” qəzetidir.


1979-1983-cü illər arasında Tehranda Azərbaycan dilində “Ülkər”, “Dədə Qorqud”, “Günəş”, “Çənlibel”, “Koroğlu” və başqa qəzetlər nəşr olunur, ideoloji səpkidə təbliğat işləri görülürdü. Zaman ötdükcə Azərbaycan diasporunun coğrafi mövqeyi genişlənərək, Asiya və Avropadan başlayaraq, Amerika, Afrika və Avstraliyayadək yayılır. Almaniyada 1976-cı ildən başlayaraq, müxtəlif qəzet və məcmuələr “Səttarxan bayrağı”, “Savalan” jurnalı, Azərbaycanın səsi”, “Ocaq” və s. mətbu orqanları fəaliyyətə başlayır. Almaniyada çıxan “Girdə miz”, “Ana dili” qəzetləri, “Azərbaycan” jurnalı və digər nümunələr Azərbaycan diaspor mətbuatının fəaliyyətini təcəssüm etdirir.


Fəlsəfə doktoru Rövşən Raqifoğlunun sözlərinə görə, 2002-2005-ci illərdə diasporumuz, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə 16 internet saytı (diaspora.az, avstriya.com, diasporaaz.com, vatan.org.uk, canadaazerbaican.org, araztoplulugu.8m.net,.nourida.com, azbul.8m.com, diaspora.czwww.nazarov.cz, aacef.org, az.ee, kongressaz.kiev, dostlug.org.ua, aydc.tk, diaspora.gov.az, azmaizon.fr, 4 radio (“Azərbaycan”/Almaniya, “Orange FM”/Avstriya, “Azərbaycanın səsi”/Fransa, “Azərbaycanın səsi”/İsveçrə), 1 TV (“GÜNAZ”/ABŞ), 11 qəzet (“Oqni Azerbaydjana”/Ukrayna, “Turan”/Rusiya, “Azerbaydjan”/Rusiya, “XXI vek-XXI əsr”/Ukrayna, “EU Xəbər”/Belçika, “Beniluks”/Niderland, “Ekspress Turan”/Qazaxıstan, “Abşeron”/Ukrayna, “Euro News”/Belçika, “Azerbaydjanskiy konqress”/Rusiya, “Türkel”/Qırğızıstan) və 6 jurnal (“Birlik”/Rusiya, “Azərbaycan diasporu”/Azərbaycan, “Yeni Körpü”/Almaniya, “Türk və Qafqaz dünyası”/Estoniya, “Körpü Le Pont”/Fransa, “Azərbaycan Dünyası”/Türkiyə) yaranıb. “Mətbu orqanlara gəlincə, müasir dövrdə Amerika Birləşmiş Ştatlarında çap olunan “Dirilik” (Vaşinqton), “Azərbaycan”, “Əlifba”, “Beynəlxalq Azərbaycan” (Los-Anceles), “Reform”, “Bablyon Azerbaijan” (Sietl), İsveçdə “Tribun”, “Durna”, “Azərbaycan”, “Araz” (Stokholm), Rusiyada “AZERROS. Azerbaydcanüı Rossii” (Azərros. Rusiya Azərbaycanlıları”, “Salam”, “Ponorama Azerbaydcana” (Azərbaycanın ponoramı), “Azərbaycan diasporu”, “Vətən çağırır” (Moskva), “Azərbaycan-media” (İvanovo), “Bizim qəzet” (Kemerovo), “Azərbaycan” (Vladivostok), “Yurd” (Saratov), “İnam” (Sankt-Peterburq), “Al Xayat” (Nijni Novqorod), “Birlik” (Xantı-Mansiysk), Dağıstanda “Dərbənd” (Dərbənd), Estoniyada “Ocaq” (Tallin), Ukraynada “Savalan” (Dnepropetrovsk), “Gxo Azerbaydcana” (Azərbaycanın əks-sədası), “Qolos Azerbaydcana (Azərbaycanın səsi) (Kiyev), “Millət” (Simferopol), Polşada “Xüdafərin” (Varşava), İspaniyada “Dədə Qorqud” (Madrid), Moldovada “Araz” (Kişinyov), Kanadada “Azəri” (Ontario), İranda “İnqilab yolunda” (Tehran), həmçinin “Ana dili”, “Ərk”, “Azər”, “Savalan” (Almaniya), “Dədə Qorqud” (İspaniya), “Qürbət” (Brüssel), “Aydınlıq” (İngiltərə), “Azərbaycan türkləri”, “Xəzər” (Türkiyə), “Azərbaycan” (İsveçrə), “Azərbaycan” (ABŞ), “Araz” (İsveç), “Ziya”, “İnam” (Rusiya), “Savalan”, “Millət” (Ukrayna), “Araz” (Moldova) və s. kimi dərgiləri misal göstərmək olar. Radio və televiziyalardan “Azərbaycan” (Almaniya), “Azərbaycan” (Danimarka), “Azərbaycanın səsi” (Fransa), “Azərbaycanın səsi” (Danimarka), “Azərbaycanın səsi” (Norveç), “Günaz TV” (ABŞ), “Heydərbaba” TV, “AzCAN” TV (Kanada) xüsusi qeyd olunmalıdır”.


Yeri gəlmişkən, Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı “Varşava Azərbaycanlılar Birliyi”, “Vrotslav Azərbaycan Cəmiyyəti” və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Ekspress”ə verilən məlumata görə, sayt polyak və Azərbaycan dillərində yayımlanır və “AzPolNews” (azpolnews.pl). Xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Xəbər portal təkcə Polşa və Azərbaycan arasında deyil, ümumiyyətlə, Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsəd ilə təsis edilib. Bundan sonra Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportajları, müfəssəl məlumatı həmin portal vasitəsilə izləmək mümkün olacaq. Polşadakı yerli jurunalistlər yeni saytla ciddi əməkdaşlıq edirlər. Müxtəlif diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı gənclər, Azərbaycanın Polşadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da Avropada informasiya xidmətləri sahəsində yeni birgə layihələrə imza atmaq qərarındadırlar.


Murad MƏMMƏDLİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND