İsmayıllıda kardioloji mərkəzin açılması imkanları araşdırılır

22.04.2019 20:06
206
İsmayıllıda kardioloji mərkəzin açılması imkanları araşdırılır

Çexiyanın Çeşke Budajovitse şəhəri ilə İsmayıllı rayonu arasında bağlanan əməkdaşlıq xartiyası çərçivəsində 3 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizə səfər edib. Nümayəndə heyətinə Çeşke Budajovitse şəhərinin mərkəzi xəstəxanasının Kardioloji Mərkəzinin direktoru Ladislav Peşl, mərkəzin professoru Alan Bulava və həkim Aleş Mokracek daxildirlər. Onları Azərbaycanın Çexiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Etibar Abdullayev müşayiət edib.


Qonaqlar əvvəlcə aprelin 21-də Lahıc qəsəbəsinə gedib, bu qədim yaşayış məkanının zəngin tarixi, keçmişi və bugünkü həyatı ilə tanış olublar.


Səhəri gün rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Aydın Əsədov, kardioloq-həkim Firidun Ağayev iştirak ediblər.


Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qonaqlara respublikamızın, o cümlədən İsmayıllının sosial-iqtisadi inkişafı, səhiyyə sistemi barədə məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Azərbaycanda dinamik inkişaf davam edir, səhiyyə xidmətinin səviyyəsi yüksəlir (Azərtac). İcra başçısı qeyd edib ki, hazırda ölkəmizdə Prezidentin tapşırığı ilə vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi aparılır.


Görüşdə Çeşke Budajovitse şəhər xəstəxanasının kardioloji mərkəzinin direktoru Ladislav Peşl səmimi görüş üçün təşəkkürünü bildirib, onunla gələn həkimlərlə birlikdə 15 il bundan əvvəl kardioloji mərkəzi yaratdıqlarını və bu sahədə böyük uğurlara imza atdıqlarını deyib. Vurğulayıb ki, artıq mərkəzdə açıq ürək əməliyyatları aparılır. Bütün xərclər mərkəzin hesabına ödənilir.


Həmçinin görüşdə ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, habelə mövcud qanunlar çərçivəsində İsmayıllıda da kardioloji mərkəzin açılması imkanları barədə fikir mübadiləsi aparılıb. Çexiyalı qonaqlar bu sahədə lazımi kömək göstərməyə hazır olduqlarını bildiriblər.


Görüşdən sonra qonaqlar rayon mərkəzi xəstəxanasına gedib, burada göstərilən səhiyyə xidməti, kardioloji şöbənin işi ilə yaxından tanış olublar.

Daha sonra qonaqlar rusların məskunlaşdığı İvanovka kəndinə gediblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND