İspaniya portalı Ermənistanın Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmindən yazır

03.04.2019 19:03
224
İspaniya portalı Ermənistanın Azərbaycanın tarixi abidələrinə qarşı vandalizmindən yazır

2019-cu ilin 18 fevral tarixində mərkəzi Nyu-York şəhərində olan “Hyperallergic” internet portalında dərc edilmiş “Azərbaycan erməni mədəniyyətini məhv edir” başlıqlı məqaləyə cavab olaraq, İspaniyanın “Diario Siglo XXI” elektron portalında jurnalist Peter Tase tərəfindən Ermənistan tərəfindən həyata keçirilən ölkəmizin tarixi və dini abidələrinə qarşı vandalizmindən bəhs edən “Azərbaycana qarşı erməni faşizminin təbliğatı” başlıqlı məqalə dərc edilib.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə yüksək sürətlə inkişaf edən Azərbaycan Respublikasının mədəni və dini abidələrin qorunmasına xüsusi diqqət ayırdığı, o cümlədən Bakı şəhərinin mərkəzində erməni kilsəsinin, habelə həmin kilsənin 5500 kitabdan ibarət kitabxanasının qorunub-saxlandığı qeyd edilir.

Məqalədə həmçinin Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyi, işğal edilmiş ərazilərdə yerləşən bütün tarixi, memarlıq və dini abidələrin dağıdıldığı, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin salındığı vurğulanır. Ermənistanın öz ərazisini Azərbaycan torpaqları hesabına genişləndirməsi siyasətinin regionda sülh və tərəqqiyə təhlükə yaratdığı bildirilir.


Ermənistanın öz təcavüzkar siyasəti nəticəsində ağır iqtisadi-sosial şəraitlə üzləşdiyi, digər tərəfdən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Avropa və dünyada sülh və tərəqqinin müdafiəsinə yönəlmiş xarici siyasət xətti yürütməsi fonunda ölkənin gündən-günə siyasi və iqtisadi cəhətdən çiçəkləndiyi qeyd olunur.


Ekspress.az