Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir


04.12.2018 15:13
72
Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlir. Bu barədə Ekspress.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.


Verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.


Qeyd edək ki, Ceyhun Hacıbəylinin əslən Fransadan olan gəlini Paskal Buşe (Timurçin Hacıbəylinin həyat yoldaşı) Sarbonna Universitetinin məzunudur. O, Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.


1993-cü ildə həyat yoldaşı Timuçin bəy vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsinin tarixini oğlu Benjamin üçün qoruyub saxlayıb. O, azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək edərək, burada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləyib. Onlar axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.


Xatırladaq ki, vətən və millət qarşısında böyük xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, Bakıda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb. Sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb.

1962-ci ildə vəfat edən Ceyhun Hacıbəyli Parisin Sen-klu məzarlığında dəfn edilib. Onun Ceyhun və Timurçin adlı 2 övladı olub.


Qənirə MƏMMƏDLİ

  • SON XƏBƏR
  • TREND