Novruz bayramında “Şahdağ”a 10 mindən çox turist gəlib

25.03.2019 15:26
163
Novruz bayramında “Şahdağ”a 10 mindən çox turist gəlib

Bayram günlərində şimal bölgəsinə, o cümlədən Qusar rayonuna gələn turistlərin sayı xeyli artıb. “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən gün ərzində orta hesabla iki minə yaxın turist faydalanır.


Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində “Şahdağ” Turizm Mərkəzində dincələn qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də var. Son altı gündə turizm mərkəzi 10 mindən çox qonaq qarşılayıb.

“Şahdağ” Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib ki, Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb. Bu il bayram günləri üçün Turizm Mərkəzində yerləşən otellərdəki yerlərin 70-80 faizdən çoxu əvvəlcədən sifariş verilib. Hər il olduğu kimi, bu il də bayram günlərində turizm mərkəzində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb.


Buraya ilk dəfə gələn Bəhreyn vətəndaşı Şahraban Husan AZƏRTAC-a müsahibəsində kompleksdəki qiymət və xidmətlərdən razı qaldığını söyləyərək bildirib:


“Biz Bəhreyndən qrup halında gəlmişik. Səkkiz gündur ki, Azərbaycandayıq. Bakıdan sonra Qusara gəldik. Buranın təbiətini, qarlı havada kanatla gəzintini, xizəkdə sürüşməyi çox bəyəndim. “Şahdağ” Turizm Mərkəzindən sonra istirahətimizi Qəbələdə davam etdirəcəyik”.


Səudiyyə Ərəbistanından olan Yusif Abdulqani də Azərbaycanın turizm məkanlarında ilk dəfədir dincəlir. “Turizm mərkəzinin dağlarla əhatə olunması göz oxşayır. Kompleksdəki xidmətlər yüksək səviyyədədir. Qusarı çox bəyəndim. İnsanları qonaqpərvər, təbiəti gözəldir. Azərbaycana yenə gələcəyəm”, - deyə əcnəbi qonaq bildirib.


Çoxsaylı yerli turistlərdən biri də Asim Mustafayevdir. Qusarda belə bir müasir istirahət mərkəzinin olmasının onu çox sevindirdiyini vurğulayan A.Mustafayev deyib:


“İndi xarici ölkələrə getməyə ehtiyac yoxdur. Mən dünyanın bir çox ölkələrində olmuşam. Müqayisə edəndə görürsən ki, burada yaradılan şəraitlə yanaşı, xidmətlərin səviyyəsi də yüksəkdir. Gördüklərim müsbət fikir söyləməyə əsas verir”.


Turizm mərkəzi Novruz günlərində də müxtəlif əyləncələrlə qış istirahətini sevənlərin könlünü oxşayır. Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 13 növ qış əyləncəsi qonaqların ixtiyarındadır.


“Şahdağ” Turizm Mərkəzində qış mövsümü martın sonunadək davam edəcək. Bayram günlərində Quba rayonuna gələn turistlər isə daha çox Xınalıq və Qəçrəş istirahət zonalarına üz tutublar.


Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, bayram günlərində rayona gələn turistlərin sayı adi günlərdəkindən 50-60 faiz çox olub.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND