Bayram vağzalı

20.03.2019 20:28
283
Bayram vağzalı

Sevimli bayramımız olan Novruz gəlir. Çoxları bayramı keçirmək üçün öz elinə, obasına, dədə-baba yurduna gedir, ya da getmək arzusunda olur. 


Mən də bu bayramı dədə-baba yurdumda keçirmək istəyirdim. Ancaq yağış yağdığndan və yazın gəlhagəlində bu aylar uzunu üzünü görmədiyimiz qış yenidən qayıtdığından rayona getməyə həvəsim yox idi. Uşaqlar həvəssiz olduğumu görəndə qılığıma girib getmək üçün razılığımı aldılar. 


Etiraz etmədim, uşaqlar, bir də mən yola düzəldik. Balaca oğlumun avtomobildə uzaq yol getmək problemi olduğundan avtovağzaldan avtobusla rayona çıxmağa qərar verdik. 


Çoxdandır ki, uşaqlarla avtovağzaldan yola çıxmırdıq. Bir-iki dəfə özüm getmişəm, onda da maşın problemi deyil, sərnişin probleminin olduğunu görmüşdüm. Sərnişinlər az olurdu, gec olurdu deyə Zərdab avtobusunda yerlərin dolmasını xeyli gözləməli olurdum. Sürücülər də sərnişin azlığından şikayətlənərdilər. Bu dəfə əksinə oldu. 

Evdən çıxmazdan əvvəl avtovağzala zəng vurub Zərdab və ya Ağcabədi (avtobuslar hər iki istiqamətdə eyni yolu gedir ) avtobuslarının olub-olmaycağını xəbər aldım. Avtobusların hərəkətə başlama vaxtının dəqiq bəlli olmadığını, lakin gün ərzində bir neçəsinin adıçəkilən rayonlara hərəkət edəcəyini dedilər... 


Taksi xidmətləri də bir ayrı aləmdir. İki dəfə zəng vurub avtovağzala getmək üçün sifariş versəm də sonradan məlum oldu ki, sifarişlər qeydə alınmayıb. Yalnız üçüncü sifarişdən sonra taksi göndərildi...


Avtovğzala çatdıq. Avtovağzal qaynayır, sərnişinlərlə dolub-daşırdı. Bizim getmək istədiyimiz istiqamətdə dayanan avtobus yerlərinə baxdım , bir dənə də avtobus yox idi, nə Zərdaba, nə Ağcabədiyə. Başqa rayonlara isə böyük, rahat avtobuslar ard-arda düzülmüşdü. Gözləməli olduq. Bir xeyli gözlədikdən sonra hələ də avtobuslar gözə dəymədiyindən elə avtovağzaldan avtovağzala zəng vurdum. 


Cavab verən bəydən Zərdab və ya Ağcabədi istiqamətində marşrutun olmama səbəbini soruşdum. Yenə də dəqiq bir məlumatın olmadığı, lakin gün ərzində olacağını dedilər. Avtovağzal işçiləri marşrutlar barədə dəqiq məlumat verə bilmirlərsə, həm də daha çox adamın rayonlara gedəcəyi bu bayram günlərində marşrut istiqamətlərində yaranan bu problemləri aradan qaldıra bilmirlərsə, bütün bunları kim etməlidir, Səhiyyə Nazirliyinin və ya Təhsil Nazirliyinin işçilərimi ? 


Bir məlumat ala bilməyib, hər iki istiqamət üzrə avtobus gözləməyə başladıq. İki saat keçmişdi, uşaqlar gah əsəbləşir, gah əsəbdən ağlayır, gah da sakitləşirdilər. Digər rayonlara - Qazaxa, Şəmkirə, Gəncəyə, Şəkiyə və s. dalbadal avtobuslar çıxırdı, biz isə yazın astanasında qışın soyuğunun, yağışının altında üşüyə-üşüyə, islana-islana avtobus gözləməkdəydik. 


Birdən böyük oğlum: "Cəhənnəmə olsun, gəl biz də acığa gedək Qazaxa" - dedi. Bu əsəbi və gözləməkdən yorğun vaxtımızda oğlumun bu sözünə ürəkdən güldük. Balaca oğlum artıq dözə bilmirdi, daha kəndə getmək istəmədiyini, geri - evimizə qayıtmaq istədiyini deyib ağlayırdı. İki saat gözləməyimizə baxmayaraq , hələ də nə Zərdaba, nə də Ağcabədiyə avtobus vardı. Sərnişinlərin çox olduğu bu günlərdə avtobusların yoxluğunun səbəbini, düşünsəm də tapa bilmədim. 


Bəzi sürücülərin də danışıq mədəniyyəti ya yoxdur, ya da çox aşağıdır. Səbəbini deyəcəyəm. Nə ilə və necə gedəcəyimizi düşünürdüm ki, iki nəfərin Ucara sərnişin səslədiyini eşitdim. Sürücünün "İkicə nəfərlik yer qalıb, əyləşən kimi çıxacağıq" sözlərindən sonra gözləməyin daha əbəs olduğunu, Ucara gedib, oradan Zərdaba getməkdən başqa çarə olmadığını düşündüm və uşaqlarla birlikdə sürücü və köməkçisinin bələdçiliyi ilə gedib avtobusda özümüzə yer tutduq. 


10- 15 dəqiqə sonra sürücü ilə baş verən dialoqumuzu nəzərinizə çatdırıram.


Soruşdum:


- Nə vaxt çıxacaqsınız?

- Bu gün...

Bir-iki sərnişin bu cavaba gülsə də, mənə gülməli gəlmədi, çünki gülməli nəsə yox idi. 

- Bilirəm bu gün çıxacaqsınız, yəni neçədə çıxacaqsınız?

- Bilmirəm, getmək istəmirsinizsə, düşə bilərsiniz. 

Səbrimi basıb normal tonda dedim:

- Mən Ucardan sonra Zərdaba gedəcəyəm, bilmək istədim neçədə çıxacaqsınız.

- Hə, lap yaxşı. Nə vaxt dolacaq, onda çıxacağıq ( Bayaq isə 2 nəfərlik yer qaldığını demişdi ). Bayaqdan yağışda gözləyirsiniz, indi Allahınıza şükür edin ki, avtobusdasınız.

Səbrim tükənsə də, "abırsızdan abrını gözlə" kəlamını xatırlayıb, yenə də mədəni şəkildə dedim:

- Söz soruşdum, sizdə normal cavab vermə qabiliyyəti yoxdurmu ?


Dodağının altında mızıldanıb aralandı. Arxa sırada oturan sərnişinlərdən biri:


"Eynən atasıdır, bəlkə də beş çömçə artıqdır. Soruşulan sözə kobudacasına cavab verir, xanım səndən söz soruşdu, nə dedi ki?!.. "- dedi. ( ancaq bunları həmin "mədəni" sürücü eşitmədi ). Sərnişinin dediyi çömçə məsələsindən sonra bir daha əmin oldum ki, adam “mədəniyyət üzü” görməyib.


Tək olsaydım, yağışa və vaxta baxmayaraq, tərk edərdim avtobusu, ancaq uşaqlara yazığım gəldi, odur ki, düşmədim, səbrimi basıb gözlədim. Şükür ki, çox uzun çəkmədi. Amma bayram günlərində avtovağzalda olan qarışıqlığı, marşrut problemini, yağışın altında, soyuqda avtobus gözləyən onlarca insanları, bizim kimi öz-özünə şikayətlənənləri yəqin ki, gələn bayrama qədər unutmayacağıq. 


Ps. İki yeniyetmə qız da (hara gedəcəklərini bilmədim) bizim kimi gözləyirdi. Səbri tükənən qızın biri o birinə : "Mənə deyən gərək ki, sən niyə avtovağzala gəlirsən axı, avtovağzal sənin səviyyənə uyğundurmu ?" - dedi. 

Belə sözlərə yaxşı baxmasam da, o anda o qıza haqq verməyə bilmədim.


Pərvanə O-nurlu

  • SON XƏBƏR
  • TREND