Dövlət Neft Fondunun aktivlərinin həcmi ilk dəfə olaraq 40 milyard dolları ötüb

26.04.2019 16:52
180
Dövlət Neft Fondunun aktivlərinin həcmi ilk dəfə olaraq 40 milyard dolları ötüb


1999-cu ildə yaradılan bu il 20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ARDNF-nin tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları həcmini keçib.


ARDNF bildirir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib.


2019-cu ilin birinci rübü ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib.


Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olub.


Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılmışdır. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat olub.


Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 332,0 milyon manat təşkil edib.


2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56% artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND