Yaz depressiyası başlayır: Necə qurtulaq?

14.03.2019 01:12
68
Yaz depressiyası başlayır: Necə qurtulaq?

Son illər “Depressiyaya düşmüşəm” ifadəsini az qala hər kəsin ağzından eşidirsən. Yazın gəlişi ilə sosial şəbəkələrdə yaz depressiyası ilə bağlı paylaşımlar yayılıb. Ekspertlərin fikrincə, günəşli günlərə rəğmən, insanın dərin üzüntü yaşaması və buna məhəl qoymaması şəxsi, eləcə də işgüzar həyatında bir sıra geri dönməz hadisələrlə, hətta faciələrlə nəticələnə bilər. 

 

Psixoloq Ahmet Tuğrul Demir Ekspress.az -a bildirib ki, yaz depressiyası havaların isinməsi, günlərin uzanmasıyla, günəşin üzünü daha çox göstərməsi, havanın, suyun və torpağın oyanması ilə bir sıra insanlarda baş qaldırır: “Bütün bu oyanışlara uyğunlaşan bədənimiz də yenilənərək enerji ilə dolsa da, bu aylar hamımız üçün eyni enerjili keçmir. Çöldə yazı müjdələyən bir bahar havası varkən biz daha çox yatmaq, yataqdan çıxmamaq, hətta qolumuzu belə qaldırmaq istəmədiyimizdən şikayət edirik. Hər il baharın gəlməsiylə başlayan və eyni dönəmlərdə görülən bu duyğu durumunun adına bahar depressiyası adını qoyuruq”.


A.T.Demirin dediyinə görə, əslində bahar depressiyası hər ilin eynin zamanlarında təkrar edən bədbəxtliyimizin fərqinə varmağa başladığımız dövrdür: “Əlbətdə ki, heç birimiz hər gün xoşbəxt ya da üzüntülü deyilik. İçində yaşadığımız şərtlərə uyğun olaraq büründüyümüz ruh halından doğan uzun müddət davam edən bədbəxtlik hissinin davamlı olması, narahat və qayğılı olmağımızın artması kimi əlamətlərlə özünü götərən bu durum iki həftədən çox sürərsə, bahar depressiyasının ağuşuna düşdüyümüzü göstərir. Bahar depressiyasının əlamətləri zəif başlasa da, zaman keçdikcə ağırlaşır. Keçici olduğunu düşündüyünüz bahar depressiyası qalıcı bir hala keçib davamlı bir depressiya halına keçə bilir”.

 

Demir qeyd edib ki, bahar depressiyasını yaradan amillərin təməli bütün psixoloji rahatsızlıqlara səbəb yaradan genetik faktorlar, vücuddakı kimyəvi prosesləri normada saxlayan hormonlarla bağlıdır: “Yaş faktoru əhvalımıza dəyişkən təsir etsə də, bahar depressiyasının yaşla bağlılığı yoxdur. Kişi və qadınlarda fəqli keçən bir xəstəlikdir. Bahar depressiyası daha çox qadınları sevər, ancaq kişilər də bu depressiyaya tutulur”, - deyə psixoloq əlavə edib ki, bahar və yay aylarında günlərin uzanması ilə əlaqədar olaraq gün içində oyaq qaldığımız zamanın artmasıyla vücudumuzun bioloji ritminin dəyişməsi baharla birlikdə gələn depressiya halını yaradan ən önəmli amildir: “Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da bahar depressiyasını yaradan amildir. Serotonin hormonunun gecə, səssiz və tam qaranlıq mühitdə

 yarandığı gerçəkliyi də bu depressiv halları artırır. Bu üzdən serotonin harmonunu yüksəltəcək tədbirlər görərək, səhər erkən saatlarda 1 saatlıq gəzinti və ya idmanla məşğul olaraq, idmandan sonra gün ərzində bulduğumuz hər an günəş şüalarının vücudumuza toxunmasına izin verərək bahar yorğunluğunu və depressiyasını aradan qaldıra bilərik. Yuxunuzu sistemli hala gətirərək gününüzü yaxşı şəkildə planlaşdırmaq bahar depressiyasının sizi ələ keçirməməsini qabaqlamaq üçün doğru bir başlanğıc ola bilər. Qapalı yerlərdənsə açıq havada oturmağa üstünlük verib tətil günlərinizi təbiətdə, meşəlik içərisində, dəniz havasında keçirərək bu depressiya dönəmini ata bilərsiz”.

 

Psixoloq Ruhiyyə Rüstəmova Ekspress.az -a bildirib ki, son illərdə insanlar daha çox depressiyaya tutulmağa başlayıb: “Artıq normal həyatında hər kəsin ağzından “depressiyaya düşmüşəm” ifadəsini eşidirik. “Depressiyadayam” artıq gündəlik istifadə etdiyimiz bir sözdür. Amma fəsildən fəslə keçdikdə insan orqanizmində baş verən dəyişikliklər nəticəsində depressiya yarana bilər. Misal üçün, qış ayında insan orqanizmi soyuğa öyrəşir və zamanla fəsil dəyişdikdə, artıq biz yaza keçdikdə havaların isinməsi insan orqanizmində bioritmlər və hormonal balansların dəyişilməsi nəticəsində dəyişiklik olur və bu da yaz depressiyasına gətirib çıxarır. Ümumiyyətlə, yazda qan dururlur, təzyiqin artması baş verir, bunun nəticəsində orqanizmdə oyanma baş verir. İnsan bədənində baş verən bu dəyişikliklər sinir pozğunluqlarına, əsəbiliyə səbəb olur. Belə insanlar düşdükləri vəziyyəti “Yaz depressiyasına düşmüşəm” kimi fikirlərlə təsvir edirlər”.


R.Rüstəmovanın dediyinə görə, yaz depressiyasının əlamətlərindən biri insanların çox yatmasıdır: “İnsan yazda depressiyaya düşərkən gününün daha çox hissəsini yatmaqla keçirtmək istəyir. Üzüntü hissləri güclü olur, əsəbilik baş qaldırır, aqressiv reaksiya verir, bəzən yuxu pozuntuları olur. İştaha dəyişkənlikləri olur. İştahadan kəsilirlər. 


Depressiya müxtəlif yaşlarda özünü müxtəlif göstərir. Misal üçün, yeniyetmələrdə yaz depressiyası özünü daha qabarıq göstərir. Onların orqanizmində bu vaxt daha çox dəyişikliklər başlayır. Bu depressiya dönəmi onlarda daha kəskin şəkildə gedir. Yaşı yuxarı, 50-55 yaşlı insanlarda isə fizioloji problemlər daha çox hiss olunur. Sinir sistemi pozuntusu, aqressivlik insanlarda yaz depressiyasının əlamətləridir”.

 

Rüstəmova əlavə edib ki, yaz depressiyasına tutulmamaq üçün yaz fəslinə keçiddə yuxudan erkən durmalı, daha çox su içməli, idmanla məşğul olmaq, açıq havada gəzmək, daha çox ünsiyyət qurmaq lazımdır: “Gərginlik hissi keçmirsə, mütləq psixoloqa, nevroloji problemi olan insanlarsa nevropotoloqa müraciət etməli, gələcəkdə depressiyanın kəskin kök salmasının qarşısını almaq üçün bu uçuruma aparan hissə təslim olmaqdansa, onunla mübarizəni seçmək fayda verəcək”.

 

Aynurə Məmmədova

Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND