“Formula 1” pilotu Bakı trasının üstünlüklərindən danışıb

24.04.2019 15:29
275
“Formula 1” pilotu Bakı trasının üstünlüklərindən danışıb

“Bakıdakı tras xüsusidir, digər şəhər Qran-priləri kimi deyil. Orada rəqibi ötmək üçün çox yer var”.


Ekspress.az xəbər verir ki, bunu “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi ərəfəsində Fransa “Renault”unun pilotu Daniel Rikkardo komandanın rəsmi saytına deyib.


30 yaşlı pilot 2017-ci ildə Bakıda baş tutan yarışın qalibi olmasını və ötən il Avstriya “Red Bull”undakı sabiq komanda yoldaşı Maks Ferstappenlə toqquşmasını xatırladıb: “Oradakı çıxışlarım hər zaman maraqlı alınıb. 2017-ci ildə gözlənilməz qələbəm və ötənilki uğursuzluğum bunun göstəricisidir. İki il qabaqkı yarış kartodromda mübarizəni xatırladırdı, özümüzü yenidən uşaq kimi hiss etdik. Bu trasdakı bəzi elementləri yeni avtodromlarda istifadə etmək lazımdır. Uzun birbaşa yol ötmələrə imkan verib. Orada əsas problem isə tormozlamadır” (report).


Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür. Rikkardo isə 6 xalla 11-ci pillədədir.


SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND