Xarici ticarət struktur dəyişikliklərinə ehtiyac yaradır

19.12.2018 15:43
383
Xarici ticarət struktur dəyişikliklərinə ehtiyac yaradır

Başa çatmaqda olan bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin xarici ticarət əməliyyatları üzrə dövriyyəsi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib. Bu, çox sevindirici faktdır. Belə ki, gözlənildiyi kimi il ərzində sözügedən sahədə müsbət dinamika davam edib. Və hətta, proqnoz göstəriciləri üstələyib. Məlumdur ki, keçən il ölkə iqtisadiyyatı üçün sabitliyin yarandığı dövr və il kimi yadda qalmışdı. Belə ki, ölkə iqtisadiyyatı 2017-ci ildə artdı və buna müvafiq olaraq, ixracımız da genişləndi - xarici ticarət əlaqələrimizdə əvvəlki 2 ildən - 2015 ilə 2016-cı illərdən fərqli olaraq, müsbət dəyişikliklər baş verdi.


Makroiqtisadi sabitlik üçün tələb olunan əsas şərtlərdən biri isə məhz xarici ticarət dövriyyəsinin müsbət saldoya malik olması, ixracın idxalı üstələməsidir. Bu, ölkəyə valyuta axını deməkdir. Başqa sözlə desəm, xərclədiyindən çox qazanırsan deməkdir. Keçən il valyuta bazarımızda sabitlik yaradan da məhz, bu amil oldu. Yəni, manatın məzənnəsi həm də ticarət dövriyyəsində müsbət saldonun yaranmasına görə möhkəmləndi.


Girişdə qeyd etdim ki, ötən 11 ay ərzində xarici ticarət əməliyyatları üzrə dövriyyə 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 39,04 %, yəni 7 milyard 922 milyon dollar çox deməkdir. Sözügedən 11 ayda idxal əməliyyatları 32,15 % artaraq 10 milyard 295 milyon 486 min dollar, ixrac əməliyyatları üzrə dövriyyəsə ötənilki göstəricini 43,34 % üstələyərək, 17 milyard 918 milyon 805 min dollara çatıb.


İxrac həcminin idxalı üstələməsi nəticəsində ölkənin ticarət balansında 7 milyard 623 milyon 318 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 11 ayındakından 61,84 % çox deməkdir.


Sözüm bunda deyil. İlin əvvəlində yazdığım şərhdə sual etmişdim ki, xarici ticarət dövriyyəmizdə müsbət saldonu saxlamaq mümkün olacaqmı?


Qeyd etmişdim ki, bunun üçün şübhəsiz, birinci növbədə qeyri-neft ixracını artırmağa nail olmaq tələb olunur ki, yeganə yol məhz, bundan keçir. Amma əlbəttə, ixracı bir anda dəfələrlə qaldırmaq əsla mümkün deyil. Bu mexanizmə kompleks tədbirlərin bir hissəsi kimi yanaşmaq tələb olunur. İxrac yetərincə mürəkkəb prosesdir. Və buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət və kəmiyyət kimi məsələlər daxildir.


Eyni zamanda, xarici bazarlardakı durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər də nəzərə alınmalıdır. Bu mənada, fikrimizcə, ölkədə ixrac hələki, sırf xammal tədarükü üzərində qurularsa, daha məsləhətdir deyə, yazmışdım. Bununla yanaşı, emal məhsullarına diqqət yetirmək vacibdir. Xüsusən də, kənd təsərrüfatı məhsullarının emalı üzrə məhsullara...


Bütün bu deyilənlər baxımdan, ötən 11 ay ərzində xarici ticarət əməliyyatları üzrə dövriyyənin 28 milyard 214 milyon 292 min dollar təşkil etməsi, ixracın idxalı üstələməsi nəticəsində ölkənin ticarət balansında 7 milyard 623 milyon 318 min dollar məbləğində müsbət saldonun yaranması faktı da nə qədər sevindirici olsa da, ixracın strukturunda hələ də 81,6 % neftin, 2,68 % neft məhsullarının, 7,01 % isə təbii qazın və yalnız, yerdə qalan hissənin qeyri-neft məhsullarının payının təşkil etməsi dayanıqlığı təmin etmək üçün çox iş görmək lazım gəldiyini diqtə etməkdədir.


O cümlədən, idxal məhsullarının strukturunda da yenə ərzaq məhsullarının lider (11,91 %) olaraq qalması mənfi hal kimi qiymətləndirilməlidir.


Odur ki, 2019-cu il ərzində xarici ticarət dövriyyəmiz artdıqca strukturda da keyfiyyət dəyişikliklərinin baş verməsinə diqqət yetirmək lazımdır. Bundan əvvəlki təhlil yazımda ölkədə inflyasiyaya təsir göstərən əsas amillərdən birinin məhz ərzaq məhsulları və bu sahədə mövcud qiymətlərin olduğunu qeyd etmişdim. Yazdım ki, bəli, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı sahələrindən biri sayılır və bu sahədə böyük işlər həyata keçirilir. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalı cari ilin 9 ayı ərzində 4,3% artıb. Xaricə aqrar məhsullar ixrac edirik. Ancaq bununla belə, ərzaq məhsullarının qiymətləri sarıdan inflyasiyaya təzyiq imkanlarını minimuma endirmək üçün hələ çox yol getmək tələb olunur. Belə ki, idxal olunan ərzaq məhsulları daxili bazardan sıxışdırılıb çıxarılmalıdır.


Bu mənada təkrar edirəm ki, növbəti ildə xüsusən, idxalda ərzağın çəkisi azaldılmalı və ölkəyə gətirilən mal və məhsulların sırasında istehsalın təşkili və genişləndirilməsi üçün lazım olan elementlərin çeşidi və kəmiyyəti artmalıdır. Ümumiyyətlə, xarici ticarət dövriyyəsi nə qədər sürətlə artırsa, artsın və müsbət saldo nə qədər böyük olursa, olsun - kənar ölkələrlə alış-verişin strukturunda ciddi və köklü keyfiyyət dəyişiklikləri də baş verməsə, mövcud makroiqtisadi sabitlik üçün möhkəm dayanıqlıqdan söhbət açmaq tezdir.

Açar sözlər: