Müasir ailə modeli - Lider kimdir: kişi, yoxsa qadın?

18.02.2019 12:27
345
Müasir ailə modeli - Lider kimdir: kişi, yoxsa qadın?

Müasir zamanda qadınlarda liderlik hissləri artır. Qadınlar özünü kişidən bir pillə belə, aşağı hiss etmək istəmir, sosial həyatda fəallığa can atır, karyera qurmaq istəyir və s.


Ekspertlərin fikrincə qadınların sosial fəallığı cəmiyyətdə sosial münasibətlərin inkişafına müsbət təsir edir, qadınların işgüzar sahədə çoxalması kadr təminatını ikiqat qaldırsa da, bu xüsusiyyətlər qadınların ailə həyatına da siraət edir. Artıq müasir ailələrdə özlərini kişilərlə bərabər, hətta bir pillə üstün görmək istəyən qadınlar formalaşır ki, bu da sual doğurur. Müasir ailə modelində əsas kimdir – kişi yoxsa qadın?


Qeyd edək ki, İslam peyğəmbərinin ər-arvad münasibətləri ilə bağlı çoxlu fikirləri qeyd olunur. Kişi evin rəhbəri hesab olunur. Hətta peyğəmbərdən hədis var ki, öz ailəsinin rifahı naminə çalışan şəxs Allah təalanın yanında düşmənlərlə cihad edən kimidir. Yəni bir şəxs ailəsi üçün çörək qazanırsa, çaba göstərir, zəhmət çəkirsə, o, Allah yolunda düşmənlə vuruşan, cihad edən kimidir. Dini bilgilərə görə qadın kişinin əmlakının qoruyucusudur. Eyni zamanda da o, əmanətçidir. Bu baxımdan qadın məsuliyyət daşıyır. Kişi ailənin rəhbəridir. Ailədə mehribanlığı, səmimiyyəti, təbii ki, kişi yaradır. Bununda bariz nümunəsi İmam Əli (ə.s) və Fatimeyi-Zəhra xanım nümunəsidir.


Peyğəmbər İslamın hədislərində də qeyd olunur ki, hər bir şəxsin öz həyat yoldaşına qarşı məhəbbəti artıq olarsa, Allah taala onun imanını daha da gücləndirir.


Psixoloq Könül Mikayılzadənin Ekspress.az -a bildirdiyinə görə, ailədə həm kişi, həm də qadın əsasdır: “Onların bir-birindən üstünlüyü yoxdur. Mənə elə gəlir ki, balansı hər zaman saxlamaq lazımdır. Bu həm kişinin, həm də qadının əlindədir. Belə bir fikir var: Əgər kişi qadının nə istədiyini bilərsə, anlayarsa, dünyanın ən xoşbəxt kişisi ola bilər. Yəni qadının nə istədiyini bilərsə, qadın onu xoşbəxt edər. Əfsuslar olsun ki, biz bu gün yaşadığımız dövrdə hər kəs belə düşünmür. Şərq təfəkküründən gələn fikirdir ki, kişi qadından əsasdır. Qadınları alçaldırlar”.


K.Mikayılzadə qeyd edib ki, qadın da kişi də hüquq baxımdan bərabərdir: “Ailədə kompramisə getməyi bacarmaq lazımdır. Kişi hər zaman öz eqosunu sübut etməyə çalışarsa, hər zaman qadına güc tətbiq edərsə, sadəcə qadın həmin kişidən qorxduğu, şiddət altında qalxdığı üçün ona tabe olacaq. Ərlə arvad arasında hörmət olmalıdır. Hər iki tərəf bir-birini anlamağa çalışmalı, ortaq məxrəcə gəlməlidirlər. O ailədə ki güzəşt var, o ailə daimidir.


Qadın və kişi bir quşun iki qanadı kimidir. Biri olmasa, o birisi uça bilməz. Hər iki qanadı sağlamdırsa, zirvələrə də qalxa bilər. Çünki qadın sinəsinə də vursa ki, mən ailəmi təkbaşına bu zirvələrə qaldırmışam, heç vaxt uşaqlar üçün atanı əvəz edə bilməz”.


Aynurə Məmmədova

  • SON XƏBƏR
  • TREND