Kütləvi icra olunan ritual: DİN, yoxsa XURAFAT

10.06.2019 13:53
156
Kütləvi icra olunan ritual: DİN, yoxsa XURAFAT


Sosial şəbəkələrdə Goranboy rayonunda çəkilən yeni görüntülər geniş müzakirəyə səbəb olub. Yayılan videoda rayonun Qurbanzadə kəndində “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına qaloş sürtürlər.


Videodan da göründüyü kimi, yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.


Ekspress.az xəbər verir ki, Azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru,İçərişəhər “Cümə” məscidininaxundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Lent.az -a açıqlamasında bildirib ki, pir anlayışı Azərbaycanın tarixində hər zaman olub:


“Pir müqəddəs anlayışdır. İnsanların ziyarət etdiyi İmamzadə, Bibiheybət, Mir Möhsüm Ağa və s. pirlər var. Bu insanlar övliyalar, müqəddəs insanlardır və Allahın yaxın dostlarıdır. Allah “Quran”da buyurur ki, mənə vasitələrlə yaxınlaşın. Bu baxımdan peyğəmbərlər, imamlar Allahın ən yaxın dostlarıdır. Amma papağı, ayaqqabını ziyarət etmək isə xurafatdır. Bu gün din bunu qəbul etmir. Sual verə bilərsiniz ki, peyğəmbərin geyimi, saqqalı müqəddəs hesab olunur və ziyarət olunur. Burada müqəddəslərin simasından söhbət gedir peyğəmbərlərin libasları bizim üçün ziyarət mənbəyinə çevrilə bilər. Amma haradan gəldiyi bilinməyən ayaqqabının və yaxud papağın müqəddəsləşdirilməsi yol verilməzdir və insanları xurafata aparır”.


İlahiyyatçı - din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli verdiyi açıqlamada bildirib ki, müqəddəs ziyarətgahlar hər zaman mövcud olduğu kimi, bu gün də var:


“Ziyarətgahların ziyarət edilmə qaydaları hər kəsə məlumdur.



Haqqında danışılan videoda göstərilən kütləvi icra olunan ritualın dinlə heç bir əlaqəsi yoxdur, bu əməllər xurafatdır. Sağlam məntiqə, ağıla zidd əməllərə yol verilməsi dinimizin mahiyyətinə ziddir. Övliyaların məzarını ziyarət temək, orada Allaha yönələn dualar etmək, Fatihə surəsini oxumaq dinimizdə mövcud olan məsələlərdir.


Mənsəbindən asılı olmayaraq dünyanın hər yerində müsəlmanlar belə məzarları ziyarət edirlər. Amma bu zaman ifrat hərəkətlərə yol vermək tamamilə yanlışdır”.


Hacı Şahin Həsənli “Quran”da həzrəti Yusifin köynəyinin Yaqub peyğəmbərə gətirilməsi və həmin köynəyi gözünə çəkdikdən sonra atanın şəfa tapması ilə bağlı olan ayəni də xatırladıb. Əlavə olaraq bildirib ki, müqəddəs ziyarətgahdan bir əlamət olanda insanlar onu öpüb gözlərinin üstünə qoya bilirlər:


“İnsanlar müqəddəs bir ziyarətgahdan gələn vasitəni öpüb gözlərinin üstünə qoya bilirlər. Deyək ki, anaya əsgər oğlundan məktub gəlir və o bunu öpüb gözünə qoyur. Bütün bunlar məhəbbətin, mərhəmətin ifadəsi ola bilər. Amma bunu bir ayin şəkilinə çevirmək kökündən yanlışdır və mövhumatdır.


Bu cür hərəkətlər dinimizi gözdən salır. Övliyalara, seyidlərə, peyğəmbər soyundan olanlara hörmət göstərmək adət-ənənələrimizdə də var. Burada qəbahətli bir şey yoxdur. Amma yenəə də qeyd edirəm ki, ziyarət zamanı edilən əməllər dinimizin mahiyyətinə zidd olmamalıdır. İstər övliyaları, istərsə də dinimizi gözdən salmamalıdır. İstənilən xalqın inancına bəzən xurafat qarışır. Amma vəzifəmiz maarifləndirmə işləri aparıb xurafat haqqında insanlara bilgi verməkdir. Bu məsələləri maarifləndirmə yolu ilə həll etmək olar”.


Ş.Həsənli bildirib ki, maarifləndirmə istiqamətində ardıcıl addımlar atılır: “Artıq son illər Azərbaycanda bu kimi halların sayı xeyli azalıb. Amma hər bir halda insanları maarifləndirmək lazımdır ki, bu cür kütləvi şəkildə dinlə əlaqəsi olmayan ritualların icra olunmasının qarşısı alınsın”.


Qeyd edək ki, Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlımodern.az-a verdiyi açıqlamada insanların başına çəkilənin qaloş deyil, Seyid Miribiş ağanın papağı olub:


“Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb - onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.


Ekspress.az