Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək

25.04.2019 21:17
120
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək

2020-2025-ci illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi hazırkı “one stop shop” modelindən yeni “non-stop shop” elektron hökumət modelinə keçməyi planlaşdırır.

Bunu Mərkəzin direktoru Fariz Cəfərov deyib.


Onun sözlərinə görə, bu modelin xüsusiyyəti ondan ibarətdir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid bazasında fasiləsiz olaraq göstəriləcək.


Mərkəzin cari işlərindən danışan F.Cəfərov qeyd edib ki, 400-dən çox xidməti birləşdirən e-hökumət portalı müxtəlif altsistemlərdən ibarət vahid sistemdir.


Mərkəzin direktoru bildirib ki, rəqəmsallaşma və sənədlərin portalın məlumat bazasına keçirilməsi üçün böyük iş görülüb:


“Artıq xidmətlərin vətəndaşların müraciəti olmadan göstərilməsi müddəti başlayıb. Məsələn, uşaq doğularkən dövlət vətəndaşa doğum haqqında şəhadətnamənin alınmasının lazım olduğu barədə bildiriş göndərəcək. Sistem yeni doğulan körpənin qeydiyyatını keçirməyə imkan verəcək və doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək. Bundan başqa, pasport və digər sənədlərin etibarlılıq müddəti bitdikdə vətəndaşlara bu barədə bildiriş gələcək”.


F.Cəfərov həmçinin portala inteqrə olunacaq sistemlərdən də danışıb:


“AsanFinans” müştərilərin bank əməliyyatlarını sürətlə həyata keçirəcək, eləcə də fərdi eyniləşdirmə nömrəsi ilə elektron formada sənədləri təqdim edəcək internet bankçılıq xidmətidir. Hazırda banklar və bank olmayan kredit təşkilatları da daxil olmaqla 20-dən çox şirkət sistemə qoşulub”.


Onun sözlərinə görə, “AsanLogin” unikal layihəsinin xüsusiyyəti ondan ibarətdir ki, bu portalda qeydiyyat zamanı bütün portallara giriş əldə etmək olur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND