Yanvarda qiymətlər 0,2 faiz artıb

08.02.2019 15:42
100
Yanvarda qiymətlər 0,2 faiz artıb

2019-cu ilin yanvarnda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz yüksəlib.


Cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz enib.


Ötən ilin dekabr ilə müqayisədə cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, energetik içkilərin, spirtli içkilərin qiymətlərində artım, toyuq ətinin, yumurtanın, hisə verilmiş, yarım hisə verilən kolbasaların, portağalın, şabalıdın, yerkökünün qiymətlərində isə enmə müşahidə olunub.


Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri və onların ehtiyat hissələrinin, velosipedlərin, paltaryuyan maşınların, soyuducuların, televizorların, planşet tipli kompüterlərin, dəftərxana ləvazimatlarının, kərpicin, nitro və sulu boyaların qiymətlərində artıb, kəsilmiş taxtanın, sementin, yağlı boyaların, mobil telefon və qaz plitələrinin qiymətlərində isə enmə müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən avtomobillərin təmiri, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ölkə daxilində istirahət turlarının qiymətləri artım, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə enib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • SON XƏBƏR
  • TREND