Bir addım da yaza yaxınlaşma - Yel çərşənbəsi

12.03.2019 09:30
570
Bir addım da yaza yaxınlaşma - Yel çərşənbəsi

Sevimli bayramımız Novruza qədər olan ilaxır çərşənbələrdən üçüncüsü Yel çərşənbəsi elimizə qonaq gəldi. Yel çərşənbəsi dünyanın yaradılışında mümüm olan hava ünsürü ilə əlaqəlidir. Qədim inanca görə, insanlar yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edir və Yel babanı nəğmələrlə çağırırdılar. Əgər Yel baba onu çağıranın səsini eşidib gəlirsə, söyüdün budaqlarını torpağa toxunduracaq, bununla da qəlbindəki niyyətin gerçəkləşdiyini ya da qəbul olunmadığını anlayırsan. Yel çərşənbəsində böyük əhəmiyyət verilərək icra olunan bir çox mərasimlər müasir dövrə qədər gəlib çatıb.


Qeyd edək ki, Yel çərşənbəsinə el arasında "küləkli çərşənbə”, "külək oyadan çərşənbə”, "yelli çərşənbə” də deyilir. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında – "qara nehrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Məsələn, ağ yel – ağ, qara yel qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşaraq yazın gəlişindən xəbər verir.


AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmiminin Ekspress.az -a bildirdiyinə görə, dörd ilaxır çərşənbədən üçüncüsü Yel çərşənbəsidir: “Çərşənbələrin adı dünyanın yaradılışında iştirak edən dörd ünsürlə bağlıdır. Su, od, yel və torpaq çərşənbəsi. Çərşənbələrin adları qədim inanclara söykənir. Yel çərşənbəsi daha çox soyuq qarın əriməsi ilə gəlir. Bəzən deyirlər ki, qarı öldürən yeldir. Yel isti külək kimi başa düşülürdü. Yel çərşənbəsi yazın gəlişi, bir addım da yaza yaxınlaşma deməkdir. Bu çərşənbəni mərasimlərlə də zənginləşdiriblər: tonqal üstündən atlanma, qazan asma, niyyət tutma. Ayrı-ayrı regionlarda bu mərasimlər müxtəlif olur. Bəzi yerlərdə su falları daha çoxdur, bəzi yerlərdə qulaq falları yayılmışdır, qapı pusmağa gedirdilər ki, xeyirli sözlər eşitsinlər. Yeniyetmə qızlar və oğlanlar daha çox ailə qurmaq arzusu ilə müxtəlif falları icra edərdilər”.


T.Səmimi qeyd edib ki, mərasimlərin zənginliyi Novruz bayramına hazırlıqdır: “Bəzi regionlarda çərşənbələrə “tək” də deyirlər, çərşənbələr müqəddəs sayılır. Çərşənbələrdə insanlar mərasimlər icra edər, nəğmələr oxuyardılar. Məsələn, Ağababa ərazisində çoxmotivli nəğmələr Nanaylar oxunurdu. Kişi qismi evdən çıxarılırdı ki, qızlar, gəlinlər sözlərini sərbəst deyə bilsinlər”, - deyə, Səmimi əlavə edib ki, ümumiyyətlə, çərşənbələrdə evləri təmiz saxlayırdılar: “Həmin dövrdə həmişə evin yuxarı tavanına un atır, unla naxış çəkirdilər. Bu da bolluğun, bərəkətin evdə qalması demək idi. Evi tər-təmiz süpürürdülər ki, onlara tənbəllik hakim olmasın, zəhmətə alışsınlar”.


Səmiminin dediyinə görə, vaxt keçdikcə mərasimlər adətlər halına keçərək son dövrlərə qədər gəlib çatıb: “Bəzi yerlərdə müəyyən mərasimlər, fallar unudulsa da, əsasları yaşadılır. Çünki dədə-baba mərasimləri qədim dövrdən müasir dövrə qədər şifahi şəkildə yaşadılır, nəsildən-nəslə ötürülür”.


Qeyd edək ki, yel çərşənbəsi axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir.


Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur.


Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Qədim deyimlərə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər.


Azərbaycan mifik təfəkküründə yel yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və yolunu itirmiş insanları mənzil başına çatır.


Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.


İnanclara görə, yel Tanrı ya da Tanrının idarəçiliyi ilə əsən, göndərilən yeldir. Yel çərşənbəsində Tanrı ancaq xoş sözləri eşidir. Çərşənbəniz mübarək olsun!


Aynurə Məmmədova

Ekspress.az

  • SON XƏBƏR
  • TREND