“Ermənistandakı 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəlidir" - deputat

22.01.2019 19:30
243
 “Ermənistandakı 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəlidir" - deputat

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov son illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif fəsadları ilə bağlı bir çox sənədlər hazırlayıb.


Ekspress.az xəbər verir ki, o, AŞPA-nın sessiyası çərçivəsində yazılı sualla Nazirlər Komitəsinin sədrinə müraciət edib.


Nazirlər Komitəsinin yazılı suala cavabı avropalı deputatlara təqdim olunub.


Rafael Hüseynov bildirib ki, Ermənistanın tarixi saxtalaşdırma və işğal siyasətinin tərkib hissəsi olan toponimlərin kütləvi şəkildə erməniləşdirilməsi məsələsi ilə bağlı Parlament Assambleyasında dəfələrlə məsələ qaldırılıb, tövsiyə xarakterli qətnamə də hazırlanıb. Nazirlər Komitəsinə yazılı sual şəklində ünvanlanan 14797 saylı sənəddə isə ermənilərin son dövrdə Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdəki yer adlarını qondarma şəkildə dəyişdirmək, Dağlıq Qarabağın adını beynəlxalq aləmdə rəsmən Artsax kimi təqdim etmək cəhdlərinin ifşasına yönəlib.


Sənəddə deyilir: “Rəsmi xəritələr, müxtəlif nəşrlər və arxiv sənədləri təsdiqləyir ki, XX əsrin əvvəllərində müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidəki 2310 toponimdən 2000-ə qədəri Azərbaycan mənşəli olub və artıq onların hamısı dəyişdirilərək erməniləşdirilib. Eyni siyasət indi Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində aparılır və hətta dünya ictimaiyyətini çaşdırmaq məqsədilə təmiz Azərbaycan sözü olan Qarabağ adının dəyişdirilməsi istiqamətində avantürist cəhdlər edilir”.


Sənədin ikinci hissəsi qeyd olunanları nəzərə alaraq deputat Rafael Hüseynovun Nazirlər komitəsinə ünvanladığı belə bir sualdan ibarətdir ki, Ermənistan tərəfinin bu qanunazidd və qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə ciddi xələl gətirir, münaqişənin dərinləşməsinə səbəb olur. Bu qəbil kartoqrafik təcavüz siyasətindən Ermənistan tərəfini çəkindirmək üçün Nazirlər Komitəsi hansı mümkün addımları ata bilər?

AŞPA-da qəbul edilmiş qaydalara müvafiq olaraq Nazirlər Komitəsinə yönələn yazılı suallar həmin qurumun cavabı ilə birgə ayrıca sənəd kimi nəşr edilərək tirajlanır.


Nazirlər Komitəsinin bu müraciətə cavabında bildirilir ki, Azərbaycanın və Ermənistanın Avropa Şurası qarşısında öhdəliyi var ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etsinlər.

Nazirlər Komitəsi dəfələrlə vurğulayıb ki, problemin həlli məsələsində bilavasitə səlahiyyət ATƏT-in Minsk qrupunun həmsədrlərində olsa da, Avropa Şurası irəliləyiş əldə edilməsinə töhfələrini verməyə həmişə hazırdır. Münaqişənin həllinə, danışıqlar prosesinə zərər vuran istənilən cəhd isə qəbuledilməzdir.

Açar sözlər: