Arif Alışanovu öldürməyə cəhd edən şəxslərin cəzası azaldıldı

31.01.2019 18:20
227
Arif Alışanovu öldürməyə cəhd edən şəxslərin cəzası azaldıldı


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Zöhrab Şirinov və Qoçəli Cəbiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 


Ekspress.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 


Qərara əsasən, Ş.Əkbərovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 18 il azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib. Digər təqsirləndirilən Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 ayadək azaldılıb. 


İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib.


O, A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.


Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs-qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Q.Cəbiyev 17 il, Z.Şirinov 16 və A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. (oxu.az)


Xatırladaq ki, bu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncam ilə A.Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND