Azərbaycanın elektron ticarətlə bağlı milli strategiyası hazırlanacaq

15.03.2019 17:06
124
Azərbaycanın elektron ticarətlə bağlı milli strategiyası hazırlanacaq


Elektron ticarətlə bağlı Azərbaycanın milli strategiyası hazırlanacaq. Bunu Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov deyib.


Onun sözlərinə görə, strategiyanın hazırlanması üzrə işlərə İnnovasiya Agentliyinin formalaşmasından sonra, yəni, cari ilin may ayında start verilə bilər.


“Strategiyanın hazırlanması üzrə işlər BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə birgə aparılacaq. Bununla bağlı müvafiq işçi qrupu yaradılacaq və beynəlxalq ekspertlər cəlb olunacaq”, - deyə A. Bayramov bildirdi.


UNCTAD inkişafda olan ölkələrin e-ticarətə hazırlığını qiymətləndirir və onlara elektron ticarət üzrə strategiyaların hazırlanmasında yardım edir (ONA). Qeyd edək ki, cari ilin aprel ayında belə bir strategiya Cenevrədə Misir tərəfindən təqdim olunacaq.


“Azərbaycanın belə bir strategiyasının hazırlanmasında ölkənin bir sıra dövlət qurumlarının mərkəzləşdirilmiş kooperasiya fəaliyyəti vacibdir. Həmçinin, bu ilə nəzərdə tutulan işlər sırasında ölkədə elektron ticarət bazarının araşdırılmasıdır ki, biz bu işlərə yaxın zamanda başlamağı planlaşdırırıq. Azərbaycanda e-ticarətin inkişaf etməsinə baxmayaraq, konkret olaraq bunu rəqəmlərlə ifadə etmək hazırda çox çətindir. Buna görə də bir bazarı araşdırmaq istəyirik. Statistik məlumatlar ölkənin müvafiq qurumlarından alınacaq”, - deyə A. Bayramov qeyd etdi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND