Leyla Əliyeva Günəştəkinin sərgisində - Foto

02.10.2019 02:58
100
Leyla Əliyeva Günəştəkinin sərgisində - Foto

Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub.


Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.


Ekspress.az xəbər verir ki, filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.


“Pəncərədən düşən işıq” sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.


Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. “Pəncərədən düşən işıq” filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.


Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.


Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu “Pəncərədən düşən işıq” filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs “Pəncərədən düşən işıq“ filminə Yutub kanalında baxa bilər.


Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır”.


Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.


***


Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Əhməd Günəştəkinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunur.


Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.


Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, bu günlərdə ölkəmiz Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına ev sahibliyi etdi. Festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında təşkil edilən 50-yə yaxın tədbir öz rəngarəngliyi ilə seçilib. Fürsətdən istifadə edərək dünyanın müxtəlif ölkələrindən festivala qatılan qonaqları salamlayıram. İlk növbədə, ölkəmizdə mədəni layihələrin həyata keçirilməsinə verdiyi dəstəyə və bu ili "Nəsimi ili" elan etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan mədəniyyətini dünyada layiqincə təbliğ etdiyinə və belə bir festivalın reallaşmasına göstərdiyi köməyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.


Bu gün Heydər Əliyev Mərkəzində dünya şöhrətli türkiyəli heykəltəraş Əhməd Günəştəkinin əsərləri təqdim olunacaq. Sərginin hər kəsin böyük marağına səbəb olacağını vurğulayan A.Ələkbərov deyib: “Rəssamın Bakı sərgisindəki ekspozisiyasında Azərbaycan xalqının Ümummilli Liderinə həsr etdiyi “Heydər Əliyevin xatirəsinə” adlı əsəri də yer alıb. Bu, rəssamın çoxdankı arzusu idi. Artıq həmin əsər bu gün sizlərə təqdim olunacaq. Əhməd Günəştəkinin dahi şəxsiyyət Heydər Əliyevə heyranlığı və hörmətinin nəticəsi kimi ərsəyə gələn əsər qarışıq texnikada işlənib”.


Bakıda belə bir möhtəşəm mərkəzdə sərgisinin açılmasından məmnunluğunu ifadə edən Əhməd Günəştəkin paytaxtımızı bir mədəniyyət şəhəri kimi dəyərləndirib. “Memarlıq baxımından dünyada tayı-bərabəri olmayan belə bir mərkəzdə sərgimin açılması məni çox qürurlandırır. İlk dəfə Heydər Əliyev Mərkəzini görəndə çox heyrətləndim. Bura nadir bir məkandır. Bu məkan mənim üçün yaratdığım “Ölümsüzlük otağı” qədər dəyərli bir memarlıq nümunəsidir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə vəfa borcu kimi bir əsər həsr etdim. Bu əsərimlə çalışmışam ki, Azərbaycan tarixini və Heydər Əliyev şəxsiyyətini əks etdirim. Bu il, eyni zamanda, Azərbaycanda “Nəsimi ili”dir. Nəsimi dahi söz xiridarıdır. İmadəddin Nəsiminin nadir şəxsiyyətindən və poetik irsindən ilhamlanaraq “Recm Nasimi” adlı əsərimi yaratdım və bununla festivala öz töhfəmi vermək istədim. Festivala dəvət aldığım üçün Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”, - deyə rəssam qeyd edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.


Ekspozisiyada rəssamın İmadəddin Nəsimiyə həsr etdiyi “Recm Nasimi” əsərində sufiliyin ədəbi və fəlsəfi qolu olan hürufiliyin ehkamları əks olunur. Sərgilənən işlər arasında rəssamın məşhur “Ölümsüzlük otağı” da var. Bu möhtəşəm əsər Heydər Əliyev Mərkəzinin binası önündə nümayiş olunur. Rəssam “Ölümsüzlük otağı”nı Şanlıurfa şəhərinin şimal-şərqində yerləşən Göbəkli təpədə aşkar edilmiş arxeoloji tapıntıların təsiri ilə yaradıb. “Gilqameş dastanı” və “Nuh tufanı” əfsanəsi onun əsas ilham mənbələri olub. Böyük əks-səda doğuran əsər ilk dəfə 2018-ci ildə nümayiş etdirilib. Rəssam “Ölümsüzlük otağı” üzərində müxtəlif peşəyə sahib 130 nəfərlə birgə çalışıb. Əsər 22 min metal kəllə və buynuz hissədən ibarətdir. Onun hazırlanmasında 35 ton alüminiumdan istifadə olunub.


Qeyd edək ki, Türkiyə müasir incəsənətinin əsas simalarından olan Əhməd Günəştəkin 1966-cı ildə anadan olub. Beş yaşından rəsm çəkən Günəştəkin 1981-ci ildə İstanbula gəlib. 1997-ci ildə İstanbulda ilk studiyasını qurub. 2003-cü ildə Atatürk Mədəniyyət Mərkəzində “Zülmətdən sonra rənglər” adlı ilk böyük sərgisini açıb. 2005-ci ildə “Günəşin izində” sənədli layihəsini həyata keçirib. 2010-cu ildə İstanbulda Günəştəkin Sənət Mərkəzini yaradıb. 2013-cü ildə Venesiyada ilk beynəlxalq sərgisini açıb və Malboro (Marlborough) qalereyası ilə əməkdaşlıq etməyə başlayıb.


Rəssamın Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.



Ekspress.az