• 12 °C Bakı
  • 8 °C Quba
  • 9 °C Gəncə
  • 4 °C Yevlax
  • 5 °C Naxçıvan

Birinci rübdə illik inflyasiya 2,1 faizə yüksəlib

16.04.2019 11:02
32
Birinci rübdə illik inflyasiya 2,1 faizə yüksəlib

2019-cu ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6 faiz yüksəlib.


Yanvar və yanvar-fevral dövrləri ilə müqayisədə yanvar-mart dövründə illik qiymət artımının sürətlənməsi müşahidə edilir. Yanvarda illik qiymət artımı 1,7 faiz, yanvar-fevralda 1,9 faiz olmuşdu. Yanvar-martda qiymət artmının daha 2 faiz bəndi artması qeydə alınıb.


Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin mart ayında fevral ayına nisbətən isə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3 faiz, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.


Ay ərzində unun, çörəyin, makaron məmulatlarının, qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, kəsmiyin, zeytun yağının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, balqabağın, bibərin, çuğundurun, kartofun, soğanın, sarımsağın, energetik içkilərin qiymətlərində artım, mal və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, xamanın, süfrə marqarininin, qarğıdalı yağının, yumurtanın, qozun, fındığın, şabalıdın, badımcanın, yerkökünün, quru noxud və lobyanın, mərcinin, şəkər tozunun, duzun qiymətlərində isə enmə müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, televizorların, dəftərxana ləvazimatlarının, sementin, kərpicin, nitro və yağlı boyaların bahalaşma, kəsilmiş taxtanın, sulu boyanın, kondisionerlərin, mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində isə enmə olub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Cari ilin mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşmış, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND