Bayram əhvalını necə yaratmalı?

21.03.2019 14:15
201
Bayram əhvalını necə yaratmalı?

Bəzən bayram sevindirmir, hər nə etsən də şənlənə bilmirsən. Çox vaxt da başqaları ilə söhbətdə eşidirsən ki, “nəsə bayramın gəlişini hiss etmirəm”, “əhvalım yaxşı deyil”, “bayram əhvalında deyiləm”, “bayrama sevinə bilmirəm”, “bayramı qeyd etməyə həvəsim yoxdur”. Bəs, niyə uşaqlıqda böyük sevinclə qarşıladığımız bayramlar bizim üçün adiləşir. Bəlkə qayğıları üzərimizə daha çox götürürük, bəlkə də dəfələrlə təkrar bayram qeyd etdiyimiz üçün belə düşünürük?


Psixoloq Arzu Qurbanova Ekspress.az –a bildirib ki, uşaqlar qayğısız və saf olduqları üçün ürəkdən şənlənə bilirlər: “Böyüdükcə qayğılar və problemlər artır, həyat artıq rənglərini itirməyə başlayır. Ciddi problemlərin olmasa da, sevinc hissi aşağı ola bilər. Elə də, hallar olur ki, problemləri həll edə bilmədiyimiz və çoxluğundan sıxıldığımız üçün bayram gözümüzdə olmur. Bayram bir sıra öhdəliklərin və işlərin yerinə yetirilməsi kimi qəbul olunmağa, yormağa başlayır, öhdəlikləri yerinə yetirə bilmədikdə, maddi problemlərlə üzləşdikdə isə insanı sıxan bir mərhələyə çevrilir”.

 

Müsahibim qeyd edib ki, bayramı qeyd etmək üçün yaxşı hazırlaşmaq lazımdır: “Ümumiyyətlə, insan düzgün yaşamalıdır ki, bayram ərəfəsində problemlərin, işlərin toplanmasından əziyyət çəkməsin. Həyatı qaydasına salmamış birdən-birə bayram ərəfəsində əhvalın yüksəlməsini gözləmək bayramın da sönük keçməsinə gətirib çıxarır. Bayram ərəfəsi həvəssizlik adətən adi günlərdə də olan apatiyanın, ruh düşkünlüyünün davamıdır. Bu cür hisslərlə yaşamaq insanı buna alışdırır və bayram günündə dərhal dəyişmək olmur. Nə psxioloji, nə də fizioloji buna hazır olmuruq. Əslində bayram ərəfəsi kefsizlik həyatımızı düz yaşamadığımızı göstərən, təhlükədən xəbər verən siqnaldır”.


Psixoloq bildirib ki, bayram ərəfəsi sevinc hiss etmək üçün nəyə görə sevinmədiyinizi aydınlaşdırmaq lazımdır. Hər kəsdə bu fərqli səbəblərə görə ola bilər. Bu səbəblərə xroniki yorğunluq, apatiya, şəxsi həyat, iş, maddiyyat və ya sağlamlıqla bağlı problemlər aid ola bilər. Əhvalın aşağı olmasının səbəbini tapdıqdan sonra o səbəbləri qismən də olsa, aradan götürməyə, bu mümkün olmadıqda barışmağa çalışın. Nəzərə alın ki, problemlər hamıda var. Tək siz bu vəziyyətdə deyilsiz. Əhvalınızı pozduqca isə həyatınızı pozursuz”.

 

Bayramı gözləmək özü insanda sevinc yaradan hissdir. Bayramla bağlı hazırlıq işləri ilə məşğul olun. Hazırlıq işləri də insanın bayrama həvəsini qaldırır. Əgər tənbəllik edirsizsə, bayram hazırlığı ilə bağlı siyahı yazmağa başlayın. Siyahını səliqəsiz sonra cıracağınız və ya itirəcəyiniz vərəqdə yazmayın. Qoy bu qeyd dəftəri olsun. Səliqə ilə siyahını tərtib edib, plan üzrə hissə-hissə bayram hazırlığını gerçəkləşdirməyə başlayın. Unutmayın ki, hər şeyi son bir-iki günə saxlamayın. Bayrama yaxşı hazırlaşmaq üçün iki, azı bir həftə hazırlıq görməyə başlayın. Hazırlığı son iki günə saxladıqda yorğunluq əsəblərin gərginliyinə səbəb olacaq. İnsan sevinmək, əylənmək üçün güc də tapmayacaq.


Bayramı qarşılamaq üçün öz xarici görünüşünüzə diqqətlə yanaşın. Yaxşı göründükdə əhval da yüksəlir.


Xüsusi ətirlərdən istifadə də əhvalı yüksəldir. Zövqə görə ətirli şamlar yandırın. Portağal, limon, alma, vanil, darçın iyləri insanda enerjini artırır və əhvalı yüksəldir.


İşləri tək görmək ağır gələ bilər. Kömək üçün başqalarını da cəlb edin. Ola bilsin ki, təklik də bayram eşqini söndürsün. Qonaqları, yaxınları dəvət edin və ya ailə üzvləri ilə birgə bayramı qeyd edin. Bayram üçün təmizlik işləri edin və ya evi bayram abu-havasına uyğun bəzəyin. Ətrafdakı gözəllik və səliqə əhvalınıza müsbət təsir edəcək. Sevdiyiniz və bayram üçün lazım olan yeməklərin, şirniyyatların siyahısını tərtib edin. Novruz bayramı olduğu üçün ailə üzvlərinə yeni geyim dəstləri də alın. Bayramın atributlarını hazırlayın. Şam, səməni, şirniyyatlar öz yerində. Amma bu kifayət etməyəcək. Bunlarla bərabər, zövq alacağınız musiqini seçin. Süfrəyə xonçayla yanaşı gül dəstəsi də qoyun. Gül dəstəsi gözəlliyi ilə bayram əhvalı yaradacaq. Evdə şarlar da asın. Rəngbərəng şarlar insanda bayram əhvalı yaradır. Bayram hazırlığı ilə bağlı şəkillər çəkdirib onu yaxın və dostlarınızla paylaşın. Yaxınların fikirləri və diqqəti də motivasiyanı qaldıra bilər.


Ən əsası isə qəlbizini kin və nifrətdən təmizləyin, paxıllıq, qəzəb və kədəriniz qoy başqa günə qalsın. Onda hər şey yaxşı olacaq.


Məmmədova Aynurə

Ekspress.az

  • SON XƏBƏR
  • TREND