Diasporumuzun daha güclü olması

Azərbaycanımızın bir dövlət kimi güclü olmasından asılıdır

08.08.2018 10:41
281
Diasporumuzun daha güclü olmasıAzərbaycanımızın bir dövlət kimi güclü olmasından asılıdır

Azərbaycan diasporunun təmsil olunduğu, diaspor təşkilatlarının fəallıq göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Həmin ölkədə fəaliyyət göstərən təşkilatlardan biri də “Connect” (Birləşmək) təşkilatıdır ki, onların da əsas fəaliyyəti Avropadakı yerli inzibati və seçkili orqanlarla sıx ünsiyyət, yerli mətbuatda mütəmadi çıxışlar üzərində qurulub. Eyni zamanda, Azərbaycan həqiqətləri, əsasən də Ermənistan tərəfindən işğal olunmuş torpaqlar, Xocalı soyqırımı və s. təşkilat tərəfindən bröşürlər çap etdirilərək müxtəlif istiqamətlərdə yayılır.

2016-cı ilin noyabrında təşkilatın Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı keçirdiyi tədbirdə bir çox yerli siyasət adamları, bələdiyyə başçısı, jurnalistlər və s. qatılmışdılar. “Connect” (Birləşmək) təşkilatının sədri Vüqar Abbasovla müsahibəmizdə də bu və başqa məsələlərdən danışmışıq.

 

- Vətəndən uzaqda yaşamaq nə qədər çətindirsə, yad ölkədə vətəni təmsil etmək, ictimai-siyasi həyatında yaxından iştirak etmək bir o qədər artıq məsuliyyət tələb edir. Yaşadığınız ölkədəki fəaliyyətinizlə bağlı nə deyərdiniz?

- Hazırda ailəmlə birlikdə Niderland Krallığında yaşayıram. Burda qaçqınlar idarəsində işləyirəm. Eyni zamanda, yerli Jurnalistlər Birliyinin üzvü kimi mətbuatda vaxtaşırı yazılarla çıxış edirəm. 2015-ci ildə niderlandlı dostlarla birlikdə “Connect” təşkilatını yaratdıq və hazırda həm də bu təşkilata rəhbərlik edirəm. İmkan düşdükcə soydaşlarımızla bir araya gəlirik. Mövzular isə müxtəlif olur. Ancaq bütün söhbətlərimizdə, görüşlərimizdə Azərbaycanımız barədə mütləq danışır, orda baş verənləri müzakirə edirik. Qeyd edim ki, Niderlandda dünyanın demək olar, bütün ölkələrindən insanlar yaşayırlar və bu da o deməkdir ki, burda çox müxtəlif xalqların nümayəndələrini ilə rastlaşmaq mümkündür. Ancaq onların heç də hamısı diaspor fəaliyyəti ilə məşğul deyillər. Təbii ki, müşahidələrimə əsaslanaraq bir fikri diqqətinizə çatdırıram. Ən çox aktivlik göstərməyə çalışan Azərbaycandan və Türkiyədən gələrək bu ölkədə məskunlaşan soydaşlarımızdır və əlbəttə ki, ermənilər də aktivdir. Görünüş baxımından sanki hansısa görünməz qüvvə dünyanın əksər ölkələrindəki erməni diasporunun fəaliyyətinə dəstək olur. Onların fəaliyyətinə dəstək verən və görünən qüvvə isə dünyanın müxtəlif ölkələrində yaşayan erməni iş adamlarıdırlar.


- Hollandiyada azərbaycanlıların “Connect” təşkilatının yaranma zərurəti, görülən işlər və digər təşkilatlarla olan əməkdaşlıq səviyyəsi barədə nə deyərdiniz?

- Öncəliklə qeyd edim ki, mən jurnalist kimi uzun müddət tək fəalliyyət göstərmişəm və Niderlandın millət vəkilləri, digər siyasət adamları ilə çoxsaylı görüşlərim olub. Vətəndən uzaqda yaşadığım ilk illərdə göstərdiyim bu kimi görüşlər, sonunda onunla nəticələndi ki, niderlandlı dostlarla təşkilat yaratmağa qərar verdik. Niderlandlı dostlarla uzun sürən məsləhətləşmələrdən sonra “Connect” təşkilatını yaratdıq. Və qərar verdiyimiz zaman digər təşkilatların fəaliyyətləri ilə yaxından tanış idik. Məqsədlərimizdən biri də Niderlandla Azərbaycan iş adamları arasında yeni əlaqələr yaratmaq, hər iki ölkə bazarlarındakı boşluğu tapmaq və bu istiqamətdə fəaliyyət göstərməkdən ibarət idi. Onu da qeyd edim ki, təşkilat yaranmadan öncə diaspor təşkilatları ilə sadəcə əməkdaşlıq edirdiksə, təşkilatı yaratdıqdan sonra onların hər biri ilə əməkdaşlığımızı daha da güclü formada inkişaf etdirməyə başladıq. Hazırda diaspor təşkilatları ilə olan əməkdaşlıq səviyyəsi qənaətbəxşdir.


- Yeri gəlmişkən, Azərbaycan diaspor təşkilatlarının dünəni, bu günü və sabahı barədə fikrinizi bilmək maraqlı olardı. Bildiyim qədəriylə diaspor fəaliyyəti ilə məşğul olsanız da, mənfi məqamları tənqid etməkdən də çəkinmirsiniz?

- Əslində Azərbaycan diasporunun fəaliyyətini zaman-zaman ən çox tənqid edən insanlardan biri də mən olmuşam. Tənqid öz yerində, ancaq bir məqamı heç bir vaxt unutmamalıyıq - Azərbaycan diasporunun tarixi yenidir və bu, bir faktdır. Azərbaycan diasporunun formalaşması üçün illər lazımdır. Diasporumuzun yeni olması o deməkdir ki, soydaşlarımızın yaşadıqları ölkələrə yerləşməsi, uyğunlaşması, dili, adət-ənənəsini tam mənimsəməsi üçün zaman lazımdır. Bu baxımdan da az zaman içində Azərbaycan diaspor təşkilatlarından loru dildə desək, “dağı dağ üstünə qoymağı” tələb etmək və gözləmək səhv fikirdir. Çalışmaq lazımdır ki, fəaliyyətimiz getdikcə daha da güclənsin, daha da güclü ola bilərik və bu istiqamətdə çalışmalıyıq. Diasporumuzun gələcəkdə daha güclü olması həm də Azərbaycanımızın bir dövlət kimi daha da güclü olmasından, xaricdəki soydaşlarıımıza olan münasibətdən aslıdır. Artıq xaricdə yaşayan soydaşlarımızın ailələrdə yeni nəsil böyüyür və yeni nəslin daha səmərəli fəaliyyət göstərməsi mümkündür. Belə ki, onlar burda böyüyür, yerli dili, adət-ənənələri bilir, geniş əhatələri var vəs. Ancaq onların Vətənə bağlı olması böyüdükləri ailədən nə qədərasılıdırsa, bir o qədər də Azərbaycandan onlara olan münasibətdən aslı olacaq. Düşünürəm ki, azərbaycanlıların təşkilatlanması üçün, yeni gələn nəslin daha güclü fəaliyyəti üçün hələ çox işlər görmək lazımdır. Bizlər üzərimizə nə düşürsə, hamısının öhdəsindən gəlməyə çalışırıq.


- Zənnimcə, birlik əsas rol oynayacaq və görülən işlərin bünövrəsi çox önəmlidir, əks halda bir səhv bütün işlərə öz təsirini göstərə bilər. Necə bilirsiniz, bəlkə diaspor təşkilatlarımız öz fəaliyyətlərini yanlış istiqamətdə aparırlar və nəticədə də bir araya gələ bilmirlər?

- Belə bir deyim də var ki, “Köynəyinin üst düyməsi yanlış bağlanıbsa, aşağıdakı düymələr heç zaman düz bağlana bilməz”. Diaspor təşkilatlarının bir araya gələ bilməsi üçün öncə zərurət yaranmalıdır, buna ehtiyac olmalıdır. Bütün bunlar sözlə, inzibati qaydalarla və s. mümkün deyil. Hansısa məcburiyyətdən bir araya gəlmək isə hələ birlik demək deyil. Ümumiyyətlə isə yerli-yersiz birlikdən danışmaq, elə ayrılıq salmaq kimi bir şeydir. Bir məqam da ondan ibarətdir ki, birləşmək ayrı anlama gəlir, birlikdə hərəkət etmək isə tamam başqa məna daşıyır. Azərbaycan diasporunun bir araya gəldiyi məqamlar olub və bu proses davam edir.


- Sizcə, təşkilatlanmaq üçün əsasən nə tələb olunur. Necə etməli ki, birlik, bərabərlik şəklində güclü fəaliyyətə start verə bilək?

- Təşkilatlanmaq üçün ilk növbədə istək lazımdır. Maliyyə və s. isə nə qədər önəmli olsa da, yenə də öncə istək lazımdır.

- Belə bir fikir var ki, şəxsi maraqların qurbanına çevrilmək diaspor təşkilatlarında da özünü büruzə verir?

- Düşünürəm ki, diaspor təşkilatlarında hər hansı bir vəzifədən söhbət gedə bilməz. Doğrudur, elə təşkilatlar var ki, illərdir eyni rəhbərlik tərəfindən idarə olunur. Bəzən inkişaf üçün yeni nəfəsə də ehtiyac olur. Qeyd edim ki, diaspor təşkilatlarının rəhbərliyi İdarə Heyəti tərəfindən seçilir və əgər İdarə Heyəti dəyişikliyə tərəf qərar qəbul etmirsə, köhnə rəhbərliyin öz işinə davam etməsi təbii sayılmalıdır. Bəzən isə təşkilat rəhbərləri İdarə Heyətinə yalnız onun xeyrinə səs verəcək adamları gətirirlər. Mənə elə gəlir ki, biz millət olaraq yeniliklərdən ehtiyat edirik və alışdığımız şəraitdə yaşamağa, fəaliyyət göstərəməyə meylimiz daha güclüdür. Bu, hər sahədə olduğu kimi, diaspor sahəsində də özünü göstərir. Bəlkə mən səhv edirəm, bilmirəm...


- Zənnimcə haqlısınız, hətta millət olaraq, deyəsən, yenilikdən qorxuruq. Mövzudan uzaqlaşmayaq. Bildiyimiz kimi, Ermənistanın lobbiçilik fəaliyyəti getdikcə daha da güclənir, sanki, onların gücünün sirri tam olaraq məlum deyil?

- Hesab etmirəm ki, erməni lobbiçiliyinin güclü olmasının hər hansı bir sirri var. Dünyanın bir çox ölkələri ermənilərdən sadəcə bir alət kimi istifadə edirlər. Bu cür istifadə nəticədə ermənilərin xeyrinə olduğu üçün onlar da bundan narazı deyillər. Bildiyiniz kimi, Fransa, Amerika, Rusiya kimi ölkələr Ermənistana daha çox himayədarlıq etdiyi üçün həmin ölkələrdə erməni lobbisi daha da güclüdür. Və bu himayədarlığın səbəbi odur ki, həmin dövlətlər, eləcə də digər dövlətlər var ki, onların maraqları, mövqeləri erməni məsələsində üst-üstə düşür. Onlar Ermənistanı müdafiə edir, yardımlar göstərirlər və bunların bir çoxunu da əksər vaxtlarda erməni diasporunun əli ilə etməyə, erməni diasporunu güclü göstərməyə çalışırlar. Sözügedən məsələdə adı çəkilən və çəkilməyən dövlətlərin birlikdə hərəkət etməsinin başında TÜRK faktoru dayanır. Onlar erməniləri məhz Türkə, yəni həm Türkiyəyə, həm də Azərbaycana qarşı istifadə edirlər. Mən ermənilərin qorunmasında başqa səbəb görmürəm...

Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND