"SOCAR bütün qitələrdə əməliyyatlar həyata keçirir" - Rövnəq Abdullayev


07.02.2019 18:38
230
"SOCAR bütün qitələrdə əməliyyatlar həyata keçirir" - Rövnəq Abdullayev

"Keçən il şirkətimiz üçün uğurlu oldu. İllər əvvəl başladığımız ən böyük və strateji layihələr məhz 2018-ci ildə tamamlandı və Azərbaycan neftçiləri çəkilən zəhmətin bəhrəsini görməyə nail oldular. Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli meqa layihənin üç seqmenti – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) və TANAP-ın Əskişəhərə qədər olan hissəsi istismara başladı".


Ekspress.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Döclət Neft Şirkətinin (ARDNŞ/SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərtac"a müsahibəsində bildirib.


Onun sözlərinə görə, dəhliz vasitəsilə ilk qaz – 1,1 milyard kubmetrdən çox həcmdə Türkiyə bazarına nəql edilib: "Əlbəttə ki, qarşıdakı illərdə bu rəqəm daha da yüksələcək və ildə 6 milyard kubmetrə çatacaq.

“SOCAR Polymer” kompleksinin polipropilen zavodu, Türkiyənin Əliağa yarımadasında “Star” neft emalı zavodu, Egey dənizinin ən böyük konteyner limanı olan “Petlim” istifadəyə verildi. Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatdırıldı.

Yüksək texnoloji tələblər səviyyəsində daha bir dəniz özülünü öz daxili imkanlarımızla inşa edərək “Bulla dəniz” yatağında quraşdırıb istismara verdik.

Müxtəlif sahələrdə geniş vüsət alan bu layihələrin təməlini hələ illər əvvəl Prezident İlham Əliyev tərəfindən qoyulmuşdu".


R.Abdullayev deyib ki, ölkə başçısının göstərdiyi strateji kursu rəhbər tutaraq SOCAR ötən 10 il ərzində idarəetmə, maliyyə, kadr siyasəti, təchizat – bir sözlə bütün sahələrdə islahatlar keçirib, əməliyyat effektivliyini yüksəldib: "Dövlət başçısının qarşımızda qoyduğu əsas hədəflərdən biri də tək bir əmtəə növündən asılılığı azaltmaq idi.

SOCAR bu məqsədlə biznes portfelini əhəmiyyətli dərəcədə şaxələndirərək, yeni biznes sahələrinə və yeni ölkələrə sərmayələr yatırdı, qlobal bazarları kəşf etməyə başladı. Nəticədə bu gün dünya üzrə aparıcı enerji şirkətlərindən birinə və Azərbaycanın qlobal brendinə çevrildi.

İndi, SOCAR demək olar ki, bütün qitələrdə əməliyyatlar həyata keçirir. Xarici bazarlarda əldə etdiyimiz gəlirlər artıq ölkə daxilində əldə edilən gəliri üstələyir. Hər il yeni sahələrə və yeni bazarlara qədəm qoyur, biznesimizi genişləndiririk".


ARDNŞ prezidenti bildirib ki, mayeləşdirilmiş təbii qaz (LNG) kimi bizim üçün yeni olan bir əmtəə bazarına 2017-ci ildə daxil olmağımıza baxmayaraq, cəmi bir il ərzində bu yanacaq növü üzrə qlobal ticarət dövriyyəmizi 4 dəfədən çox artırmağa nail olmuşuq.

"Ötən ilin uğurlu nəticələrini bu ilin əvvəlində də davam etdirdik. Daha bir yeni müəssisəmiz – Karbamid zavodu istismara verildi.

Yüksək azot tutumuna malik olan karbamid gübrəsi əvvəllər Azərbaycana idxal olunurdu. İndi isə bu zavod daxili tələbatı tam təmin edəcək, üstəlik məhsulunun 70 faizdən çoxunu xarici bazarlara ixrac edərək ölkəyə hər il yüz milyonlarla əlavə gəlir gətirəcək.

“SOCAR Polymer” kompleksində istehsal olunan polipropilen məhsulu bu gün Türkiyə və Ukraynaya ixrac edilir. Gələcəkdə məhsulun MDB və Avropa ölkələrinə də ixrac edilməsi nəzərdə tutulur.

Kompleksin ümumi istehsal həcmi cari ildə 220 min ton təşkil edəcək, sonrakı illərdə isə 300 min tona çatdırılacaq. Hazırda əsasən avtomobil və dəmir yolu vasitəsilə nəql olunan polimer məhsullarının gələcəkdə, həm də dəniz yolu ilə ixrac edilməsi nəzərdə tutulur", - deyə R.Abdullayev bildirib.


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND