Telefonla danışaraq qayda pozan avtobus sürücüsü cəzalandırıldı

08.01.2019 17:26
386
Telefonla danışaraq qayda pozan avtobus sürücüsü cəzalandırıldı

"187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarının kobud şəkildə pozmasına dair məsələ nəzarətə götürülərək araşdırılıb. Qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib".


Ekspress.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.


Onun sözlərinə görə, törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digə zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib.


"İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) görə və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib", - deyə M.Ağayev bildirib.


O, qeyd edib ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.