SOCAR neft emalında Honeywell UOP texnologiyasından istifadə edəcək

06.12.2018 12:58
31
SOCAR neft emalında Honeywell UOP texnologiyasından istifadə edəcək

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısadövriyyəli adsorbsiyaya əsaslanan (PSA) Honeywell UOP texnologiyasından istifadə edəcək.


Ekspress.az Trend-ə istinadən bildirir ki, bu barədə SOCAR-dan məlumat verilib.


Neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən Avro-5 standartlarına uyğun yanacaqların istehsalında katalitik proseslərə şərait yaradılması üçün istifadə olunan təmiz hidrogen emal prosesində mühüm rola malikdir. Yeni PSA texnologiyası Azərbaycanda Avro-5 standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.


“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard deyib: “Honeywell UOP” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirdiyi modernizasiya proqramının əsas elementidir. Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcək”.


“Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq.


Modernizasiya prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən Neft Daşları, Suraxanı və Şirvan yataqlarından hasil olunmuş 7,5-8 milyon ton xam neftin emalı mümkün olacaq. Avro-5 standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq.


“Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. "Honeywell UOP" texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, - Orçard deyib.


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayrıma zavodunda ilk katalitik riforminq qurğusunu qurdu və bununla da bütün Sovet İttifaqında yüksək oktanlı benzin istehsalına doğru mühüm addım atıldı. Zavod 2003-cü ildə, 50-ci ildönümündə Heydər Əliyevin şərəfinə adlandırılıb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli ilə məşğul olur, neft və neft-kimya məhsullarını yerli və beynəlxalq bazarlara çıxarır, müxtəlif ölkələrin bazarlarında sənaye və əhalini təbii qazla təmin edir.


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND