"Təhsil Nazirliyi bu məsələlərə xüsusi fikir verməlidir" - Musa Qasımlı

21.02.2019 22:22
275
"Təhsil Nazirliyi bu məsələlərə xüsusi fikir verməlidir" - Musa Qasımlı

"“Ümumi təhsil haqqında” qanun məktəblərimizdə kadrların keyfiyyətinin yaxşılaşmasına təsir göstərəcək”.


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib:


“Heç kəsə sirr deyil ki, SSRİ dağılandan sonra məktəblərimizə təhsildən uzaq olan bir sıra şəxslər gəlib-doluşdular. Həmin adamların bu gün məktəblərimizdən uzaqlaşdırılması zamanı gəlib çatıb. “Ümumi təhsil haqqında” qanun layihəsi qəbul ediləndən sonra məktəblərimiz təmizlənəcək və oraya müəllimlik peşəsini sevən adamlar gələcək.”


Professor həmçinin bir məsələni də xüsusi vurğulayıb.


“Kənd məktəblərimizdə müəllim çatışmazlığı var. Universitet bitirib kənddə yaşayan bəzi qızlar müəyyən səbəblərdən Bakıya gəlib imtahan verə bilmirlər. Onların aldığı ixtisas üzrə məktəbdə müəllim olmadığından həmin dərsləri vermək üçün başqa rayonlardan gələnlər müəllim olaraq göndərilir. Onların də bəzilərinin yalnız adları işdə gedir. Mənə yaraşmadığı üçün söyləyə bilmədiyim müəyyən mənfi hallar baş verir. Olmazmı, həmin kənddə yaşayan müəllimələrlə müqavilələr bağlansın və onlar öz ixtisasları üzrə işləsinlər. Biz bunu etməklə eyni zamanda bir neçə məsələni həll etmiş oluruq: qızlar təhsilə cəlb olunur və erkən nikahların qarşısı alınır. Bir dağ kəndində qadın müəllim dərsə gedəndə qonşular qızlarını ona qoşub dərsə göndərəcək. Kənd sakinləri qızlarını məktəbə yollayacaqlar. Qızlar da təhsil alacaqlar. Rəhmətlik Mirzə Cəlil deyirdi: "Millətin gələcəyi anaların əlindədir". Beləliklə, həm erkən nikahlar aradan qalxacaq, həm də kəndin ümumi mədəni səviyyəsi yüksələcək. Hesab edirəm ki, qanunun qəbulundan sonra Təhsil Nazirliyi bu məsələlərə xüsusi fikir verməlidir. Qanun ümumi təhsil məktəblərində tədrisin keyfiyyətini yüksəldəcək və repetitorluğun qarşısını alacaq", - deyə Musa Qasımlı bildirib.