Azərbaycanda “Öyrənən fermer” layihəsinə başlanılıb


03.09.2019 17:50
81
Azərbaycanda “Öyrənən fermer” layihəsinə başlanılıb

Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı və BMT İnkişaf Proqramının “Aqrobioloji müxtəliflifliyin qorunması və davamlı istifadəsi” layihəsinin tərəfdaşlığı ilə “Öyrənən fermer” layihəsinə başlanılıb.


Bu barədə Ekspress.az -a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.


Üç gün davam edəcək layihə Şəki, Göyçay, Goranboy rayonlarında baş tutacaq. Layihənin əsas məqsədi regionlarda fermerləri meyvəçilik, torpaqların deqradasiyasının bitkilərin məhsuldarlığına təsiri, ilkin tibbi yardım kimi mövzularda təlimlərə cəlb etmək, təsərrüfat üçün faydalı internet resursları, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin göstərdiyi xidmətləri, Kənd Təsərrüfat Nazirliyinin tabeli qurumları haqqında məlumat vermək eyni zamanda fermerlərin bilik və bacarıqlarını artırmaqdır.


Layihənin açılış mərasimi Şəki şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutub. Tədbiri giriş sözü ilə açan Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Sarvan Cəbrayılzadə bildirib ki, insanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi bəşəriyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olub və bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə olaraq qalır. O iştirakçıları Azərbaycanda aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində görülən işlər barədə məlumatlandırıb.


“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin rəhbəri Fərid Abbasov bildirib ki, aqrar islahatlarda strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması təşkil edir. O layihənin icrasında Aqrar İnkişaf Könüllülərinə və fermerlərə uğurlar diləyib.


Qeyd edək ki, “Öyrənən fermer” layihəsin ikici mərhələsində könüllülər vasitəsilə maarifləndirici bukletlər paylanacaq, fermerlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sorğular keçiriləcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND