2019-cu ilin yanvar-fevralında illik bahalaşma 1,9 faizə yüksəlib

11.03.2019 14:27
63
2019-cu ilin yanvar-fevralında illik bahalaşma 1,9 faizə yüksəlib

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artıb.


Ekspress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.


Müqayisə üçün bildirək ki, yanvarda illik bahalaşma 1,7 faizə düşmüşdü.


Cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2 faiz artıb.


Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, yerkökünün, çuğundurun qiymətlərində enmə müşahidə olunub.


Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının, dəftərxana ləvazimatlarının, kəsilmiş taxtanın, sementin, kərpicin, nitro, sulu və yağlı boyaların qiymətlərində artım, geyimin, soyuducuların, paltaryuyan maşınların, tozsoranların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə enmə müşahidə olunmuşdur.


Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Cari ilin fevralında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri yüksəlib, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə enib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND