Uşaqlarda piylənmə ağır xəstəliklərə səbəb olur

11.12.2018 10:57
564
Uşaqlarda piylənmə ağır xəstəliklərə səbəb olur

Hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80% təşkil edir

 

Uşaqlarda piylənmə bir çox inkişaf etmiş ölkələrin geniş yayılmış səhiyyə problemlərindən biridir. Hazırda yaşı beşədək 41 milyon uşaq piylənmədən əziyyət çəkir və müxtəlif ağır xəstəliklərin yaranma təhlükəsi qrupuna aid edilir. Ekspertlər bunu uşaqların oturaq həyat tərzi sürməsi, daha çox kompüter qarşısında olması və ya planşetlə oynaması, təmiz havada az olması, cəld yeməklərlə qidalanması ilə bağlayırlar.


Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib. 18 yaşadək olan uşaqların hər 100000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 57 nəfər olub.


Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir (“Trend”). Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 66,9 faizi 0-13 yaşlı, 33,1 faizi 14-17 yaşlı olub. Oğlan uşaqlarının isə 68,4 faizi 0-13 yaşlı, 31,6 faizi 14-17 yaşlı olub.


Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 712 nəfər, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.


Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.


Piylənmədən kişilərə nisbətən daha çox qadınlar əziyyət çəkirlər (müvafiq olaraq 16,4% və 27,2%). Bu risk amilinin yayılması 1980-2008-ci illər arasında dünya üzrə iki dəfə artıb.

Azərbaycan zəngin tərəvəz və meyvə məhsulları ilə məşhur olsa da, əhalinin 40%-dən çoxu bu məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti (84,9%-i) gün ərzində ÜST tərəfindən tövsiyə edilən miqdardan az meyvə-tərəvəz istifadə etdiyini bildirib. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir.


Tədqiqatların nəticələrinə görə, Azərbaycanda əhalinin yalnız 6,4%-i məqsədli şəkildə idmanla məşğul olur. Ümumilikdə ölkədə idman inkişaf etsə də, əksər orta məktəblərdə idman dərsləri ciddi şəkildə keçirilmir. Əsasən ibtidai siniflərdə idman dərsi əvəzinə başqa bir dərs, misal üçün, riyaziyyat keçirilir. Valideynlər də bunu məntiqli hesab edir. Lakin mütəxəssislər idmanın uşaqların həyatında mühüm rol oynadığını bildirir. İdman həm bədənin fiziki sağlamlığını təmin edir, həm də zehni yorğunluq, depressiya, ruh düşkünlüyü ilə mübarizə aparır.


Pediatr Mahirə Quliyevanın sözlərinə görə, uşaqlarda piylənmə - uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır: “Uşaqlar arasında piylənmənin artması pediatr və uşaq endokrinoloqlarından problemə ciddi yanaşma tələb edir. Yetkin insanların 60%-də çəki ilə bağlı problem uşaq və yeniyetməlik yaşlarından başlayır. Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər”.


Müsahibimiz deyir ki, hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80%, problem yalnız anadadırsa - 50%, təkcə atadadırsa - 38% təşkil edir. Quliyeva bildirib ki, doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar piylənməyə görə risk qrupuna aiddirlər: “Südəmər körpələrdə piylənmə yüksəkkalorili qarışıqların həddindən artıq yedirdilməsindən əmələ gələ bilər. Süni uşaq qidaları uşaqlarda piylənməyə səbəb olan faktorlardan biridir”.


Pediatrın sözlərinə görə, uşaqların çoxunda piylənmə qida rejiminin pozulması və fiziki aktivliyin azalması fonunda baş verir: “Adətən artıq bədən kütləsi və piylənməsi olan uşaqların rasionunda un məmulatları, şirniyyat və heyvan mənşəli piylər, cəld yeməklər, şirin içkilər, qazlı sular üstünlük təşkil edir. Düzgün qidalanmama ilə yanaşı uşaqlar azhərəkətli həyat tərzi sürür, aktiv oyunlar oynamır, idmanla məşğul olmur, bədən tərbiyəsi dərslərinə getmirlər, vaxtlarının çoxunu televizor və kompüter arxasında keçirirlər”.


Dediyinə görə, uşaqlar üçün hərəkət etmək vacibdir: “Uşaqlar sevdiyi idman növü ilə məşğul ola bilər. Valideynlər uşağın aktiv həyat tərzi keçirməsini təmin etməlidirlər. Bu həm də uşaqların kompüter, televizor və s. qarşısında artıq vaxt keçirmələrinin qarşısını alır. Sağlamlıq şirin içkilərdən, şəkəri yüksəldən qidalardan uzaq olmaqdan da asılıdır. Daha çox təbii şirələrə üstünlük vermək, yemək vaxtını ötürməmək lazımdır. Tez-tez və az yemək məsləhətdir. Yuxu rejimi dəqiq olmalıdır. Piylənmə nəfəsə mane olduğu üçün yuxuya da mənfi təsir göstərir. Yataq otağında telefon, televizor, kompüterin olması düzgün deyil. Çox duzlu ət, kolbasa, sosiska kimi qida məhsullarından da uzaq durmaq lazımdır. Qida rasionunda meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır”.


Bəzən vitamin çatışmazlığı da piylənməyə səbəb ola bilər. Qidaya B6, B12, vitamin D aid etmək olar. Aclıq hiss edəndə su içmək və bir qədər gözləmək lazımdır, çünki aclıq hissi keçə bilər. Eləcə də, valideynlər uşaqlarını çox istədiyindən çox yedizdirməyi tərgitməlidir.


Açar sözlər: